Deputat olan müxalifət partiyasının sədri: Parlament seçkiləri şəffaf şəraitində keçirilmişdir

03, 09, 24
09:30

Deputat olan müxalifət partiyasının sədri: Parlament seçkiləri şəffaf şəraitində keçirilmişdir

Böyük Azərbaycan Partiyasının

BƏYANATI

İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbəni Azərbaycan tarixinin çox parlaq səhifəsi kimi tanıyan Böyük Azərbaycan Partiyası (BAP) Vətən müharibəsinin hər anında xalqın yanında olub, onun sevinc və kədər hisslərinə şərik olub. Tarixi Qələbədən sonra yeni inkişaf mərhələsini yaşayan Azərbaycanda sistemli islahatlar geniş vüsət tapmaqdadır.

Yeni dövrün əsas təzahürlərindən biri hesab olunan növbədənkənar parlament seçkiləri tam olaraq şəffaf və açıq rəqabət şəraitində keçirilmişdir. 6 üzvü ilə seçki marafonunda təmsil olunmuş BAP öz sədri Elşad Musayevin Milli Məclisin üzvü seçilməsinə müvəffəq olmuşdur. Ümumilikdə dörd min beş yüzə yaxın müşahidəçisi olan BAP bəyan edir ki, seçkilərin legitimlik dərəcəsinə və aşkarlıq şəraitində keçirilməsinə dair xələl gətirə biləcək heç bir ciddi hal yaşanmamışdır.    
 
BAP sədri Elşad Musayevin seçicilərin səsini toplayaraq VII çağırış Milli Məclisdə təmsil olunması bütün partiya üzvlərinin daha səmərəli və məsuliyyətli fəaliyyəti üçün zəmin yaradır. Ölkədə siyasi partiyaların inkişafına da təkan vermiş parlament seçkiləri Azərbaycanda siyasi münasibətləri mahiyyət etibarı ilə yeni mərhələyə çıxardıb.

Milli maraqları, cəmiyyətin rifahını və qanunun aliliyini siyasi fəaliyyətinin önəmli prinsipləri kimi tanıyan BAP öz çalışmaları ilə Milli Məclisin gələcək işinə də töhfə vermək iddiasındadır.

Milli həmrəyliyi sosial-siyasi dəyər kimi tanıyan BAP sonra da ölkədə birlik və siyasi dialoq mühitin inkişafına xidmət edən bütün təşəbbüsləri dəstəkləyəcək, habelə ölkənin inkişafı üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəkdir. 

BAP mətbuat xidməti  

Bizimlə əlaqə saxlayın