Azərbaycan kinosunda yeni etap - Kino Agentliyi 2 ildə nələr edib…
Azərbaycan kinosunda yeni etap - Kino Agentliyi 2 ildə nələr edib…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2022-ci il tarixli fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində yaradılan Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) publik hüquqi şəxsi iki illik fəaliyyəti zamanı islahat xarakterli bir sıra addımlarla kino sahəsini dirçəldəcək uğurlara imza atıb.
Bu barədə "Azərbaycan Reallığı"na ARKA-dan verilən məlumatda deyilir.
Bildirilib ki, dövlət başçısının fərmanında nəzərdə tutulan “Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi” istiqamətində təxirəsalınmadan başlanan işlər artıq özünün müsbət nəticələrini göstərməkdədir.
Qurumun açıqlamasında iki il ərzində görülən işlər konkret faktlarla diqqətə çatdırılıb:
“ARKA-nın yaranması ilə Azərbaycan kino istehsalında böyük həcmdə sıçrayışlar müşahidə edilir. ARKA-nın yarandığı və müsabiqələrə start verdiyi zamandan etibarən 40 film-layihənin seçilməsinə və çəkilişlərinə başlanılmasına nail olunub ki, bu fakt Azərbaycan kinosunun daha əvvəlki yüksəliş xəttinin və imicinin bərpası yolunda ən mütərəqqi addımlardan hesab oluna bilər. Sirr deyil ki, Azərbaycan tamaşaçısı keçmiş filmlərimizin nostalgiyası ilə yaşayır və onların ciddi, komediya, tragikomediya və s. şəklində daha da intellektli ardıcıllığının bərpa olunmasını arzulayır. Hazırda ARKA-nın gerçəkləşdirdiyi layihələr hesabına məhz bu tələbat ödənilir. Bütövlükdə bu filmlərin istehsalına 4.739.661 AZN vəsait ayrılıb. Amma kino sənayesində illər ərzində buraxılan boşluqları asanlıqla doldurmaq da mümkün deyil. Şübhəsiz ki, yeni dövr, yeni reallıqlar, ənənələrin baza prinsiplərini yaşada-yaşada yenilənmiş dünya kinosunun ştrixlərini ekran işlərinə əlavə etmək bir qədər zaman almış olur. Onun üçün kino cameəsinin də öz işlərinə qeyd etdiyimiz kontekstlər prizmasından dəyər verməsi və onların da ARKA-nın addımlarına ölkəmizin adı və beynəlxalq nüfuzunu dərk etməklə dəstək olmaları son dərəcə vacib məqamlardandır. Biz filmlərimizdə tariximizi də işıqlandırmalı, bu günümüzün də tarixini əks etdirməliyik ki, həm beynəlxalq festivallara və digər tədbirlərin meydanlarına çıxa bilək, həm də gələcəyin azərbaycanlılarına dəyərlərimizi və sivil xalq olduğumuzu çatdıraq. Çatdıraq ki, onlar da estafeti qəbul edəndə bu məsuliyyət yükünün fərqində olmağın vacibliyini ciddi şəkildə anlasınlar.
ARKA-nın dəstək verməyə başladığı, çəkiliş və ya post-prodakşn mərhələlərində olan film-layihələrə diqqət etdikdə sıranı müxtəlif janrlarda tammetrajlı, qısametrajlı bədii, sənədli və s. filmlərin doldurduğunu görürük. 15 bədii, 9 sənədli, 14 bədii-sənədli, 2 animasiya, 12 tələbə filminin çəkilişləri ilə başlayan və artıq bir qismi sona çatan proseslər uğurlu nəticələrdən xəbər verir.
ARKA-nın fəaliyyət istiqamətlərində tələbələrin diplom layihələrinin maliyyələşdirilməsi də xüsusi çəkiyə malikdir. Belə ki, 12 tələbə filmlərindən ibarət kinoalmanaxa 167.000 AZN dəstək verilməsi Azərbaycan kino sənətinin tarixində bir ilk olmaqla yanaşı, həm də gələcəyin kino industriyasının inkişafına təkan, tələbə-gənclərin həvəslənməsinə isə xüsusi töhfədir.
Onu da qeyd edək ki, kinonun böyük təbliğat vasitəsi olduğunu nəzərə alan ARKA rəhbərliyinin Azərbaycan kinosunun inkişafı ilə bağlı gördüyü işlər yalnız məhəlli xarakter daşımır. Qurum Azərbaycan kinosunu beynəlxalq festivallara çıxarır, dünyanın nüfuzlu film-festivalları vasitəsilə kinomuzu və təbii ki, həm də bu kinoları ərsəyə gətirən xalqın mədəniyyətini, paralel olaraq dövlətini tanıdır. Bu minvalla atılan addımların yalnız kiçik bir qismini qeyd etməklə Agentliyin fəaliyyətinin hansı kino sferalarına ayaq açdığına aydınlıq gətirək. Son günlərdə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən, ssenarist Orxan Fikrətoğlunun Tacikistanda keçirilən 2-ci “Tocik Somon” Milli Kino Mükafatının təqdimetmə mərasimində münsiflər heyətində təmsil olunması, 81-ci Venesiya festivalında ARKA-nın 3 Azərbaycan filmi ilə iştirakı, XV Bakı Beynəlxalq Film Festivalının keçirilməsi, ARKA-nın Audivizual Sənayenin İnkişafı və Strateji Təhlil şöbəsinin müdiri Rüfət Qarazadənin 11-ci Beynəlxalq Egeart Qısametrajlı Filmlər Müsabiqəsinin Beynəlxalq film kateqoriyası üzrə münsiflər heyətinin sədri seçilməsi, eləcə də ARKA-nın TRT Belgesel kimi nüfuzlu qurumla əməkdaşlığa başlaması və onlarla belə faktlar Agentliyin üzərinə qoyulmuş missiyanı uğurla davam etdirdiyinin əyani göstəricisidir.
ARKA həmçinin qeyd etdiyimiz kimi kinomuzun müasirləşməsi istiqamətində də fəaliyyətini davam etdirir. Kinoda prodüser institutunun inkişafına xüsusi önəm verən qurum artıq öz işini kino istehsalçısı yox, operator qismində qurub. Agentlik həmçinin animasiya filmləri və game-lərə də yatırımlar edir”.