Xoşqədəmin, Zaurun yanına qaçanlar, Azərtaşın dizinə qapananlar: Niyə belə məsuliyyətsiz olduq?
Xoşqədəmin, Zaurun yanına qaçanlar, Azərtaşın dizinə qapananlar: Niyə belə məsuliyyətsiz olduq?
Uşaqlıqda baxdığımız ən məşhur türk serialı “Çocuklar duymasın” idi. Bu serialda bütün məsələlər ər-arvad arasında mətbəxdə həll olunurdu. Uşaqlar ailə içində nə baş verdiyini anlamır, narahatlıq doğuran hadisələrdən xəbərsiz olurdular.
Elə bizim də ailələrimizdə də çox güman ki, problemlər bu şəkildə həll olunurdu. Bu səbəbdən də indi televiziya kanallarında, sosial şəbəkələrdə və yaxud yaşadığımız ərazilərdə gördüyümüz xoşagəlməz hadisələrin heç biri bizim dövrümüzdə baş vermədiyini düşünürəm. Bəlkə də olubmuş, bəlkə də ətrafımızda daha betər hadisələr yaşanıbmış. Ancaq valideynlərimiz bunların bizim yanımızda danışmırdı, qeybət etmirdi, hansısa bir hadisədən söhbət edərkən gəldiyimizi düşünüb susardılar...
Ötən gün Tovuz rayonu, Bozalqanlı kənd sakini 2012-ci il təvəllüdlü qızın itkin düşməsi ölkədə böyük narahatlıq yaratdı. İnsanların ağlına ilk gələn sözügedən rayonun Dondar Quşçu kəndidə yaşanmış 11 yaşlı Nərminin başına gələnlər oldu. Bu qızcığaz da Nərminin taleyini yaşamasın deyə dua edənlər də az olmadı.
Çox şükür, azyaşlı qısa vaxt ərzində sağ-salamat tapılıb ailəsinə təhvil verildi. Ancaq 13 yaşında bir qızcığazın mətbuata açıqlaması itməsindən daha çox narahatlıq yaratdı.
O evdən getmə səbəbini belə izah etdi: “Məktəbdən çıxıb düz getdim. Sonra bir əmi gəlib məni götürdü. Gəncəyə getmək, fikrimi dağıtmaq istəyirdim. İzlədiyim filmlər psixologiyamı pozmuşdu. Gecəni binanın blokunda qaldım. Səhəri gün isə mağazaya gedib özümə yeməyə şirniyyat-filan aldım”.
Tutaq ki, bu uşağın özü demişkən, psixologiyası pozulub. Bəs bu “əmi” azyaşlını necə avtomobilinə mindirə bilir, necə aparıb tanımadığı böyük şəhərə buraxıb yoluna dava edə bilir? Polisə xəbər vermək əvəzinə niyə onu başlı-başına buraxıb. Həmin kişinin ölkədə baş verən hadisələrdən heç xəbəri yoxdurmu? Bilmir ki, tanımadığı bir şəhərdə 13 yaşında qız uşağının başına hər bir müsibət gələ bilər. Görəsən, nə zaman bu qədər məsuliyyətsiz, vicdansız olduq?
13 yaşda uşağın "psixologiyam pozulmuşdu" deyib, tək başına başqa şəhərə getməsini, gecəni binaların blokunda qalmasını fikirləşəndə adamın tükləri biz-biz olur.
Biz o yaşlarımızda hava almaq üçün həyətə, evin eyvanına çıxanda belə valideynimizdən icazə alırdıq.
Mənə elə gəlir ki, bu qızın psixologiyasını izlədiyi filmlərdən daha çox yerli televiziya kanallarındakı verilişlər pozub.
Ailə dəyərlərini heçə sayan, xırda bir məsələni böyüdüb Xoşqədəmin, Zaurun yanına qaçan gəlinlər, milyonların qarşısında DNT analizi verən və nəticədə uşağın atası olmadığına sevinən, qurban kəsəcəyini deyən, Lalə Azərtaşın dizlərinə qapanan həmin o "kişi"nin hərəkətləri pozub. “TikTok”da kimliyini, əqidəsini pula satanlar, kimsə ona hansısa hədiyyə atsın deyə özünü "axırıncı yol"a qoyanlar pozub.
Cəmiyyət artıq elə bir uçurumun içindədir ki, bu qəbildən olanların düzəlməsi imkansız görünür. Allah sonumuzu xeyirli etsin...