DEPUTATLA BAĞLI “ÖLKƏNİ QARIŞDIRAN” ŞAYİƏ - Yaxud Osmanov və Mata Xari...

09, 07, 22
13:30

DEPUTATLA BAĞLI “ÖLKƏNİ QARIŞDIRAN” ŞAYİƏ - Yaxud Osmanov və Mata Xari...


Bizi maqazin xəbərlərinə fikir verməkdə, belə mövzulara baş qoşmaqda qınamayın. Kimsənin şəxsi həyatı, münasibətləri qətiyyən maraqlı deyil və müzakirə mövzusu ola bilməz. Sadəcə, Azərbaycanda hansısa siyasətçinin, məmurun, deputatın şou əhli ilə şəxsi münasibətlərinin, izdivaclarının olmasına dair xəbərlər nadir hallarda işıq üzü görür və geniş rezonans doğurur ki, bu da mentalitetə, cəmiyyətdəki münasibətlər sisteminin səviyyəsinə və s. bağlı məsələdir.

Ancaq son günlər ayrı-ayrı saytlarda, sosial şəbəkələrdə Pərvin Abıyeva adlı aktrisa ilə Cavid Osmanov adlı deputat arasında guya hansısa izdivac, münasibət və s. olduğu barədə məlumatlara sözügedən deputatın reaksiyası istər-istəməz diqqətimizi cəlb etdi.

Həmin bu deputat özü barədə, haqq-nahaqq, yayılmış dedi-qoduya münasibət bildirərkən, deyib: “Bunlar Azərbaycana qarşı fəaliyyət göstərən, ölkədə qarışıqlıq salmaq istəyən qaragüruhçuların ortaya atdığı əsassız iddialardır.Bu məlumatlar birbaşa olaraq Milli Şuranın üzvləri tərəfindən ortaya atılıb. Onlar hər addımlarında Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrdir. Bilirsiniz, onlar haqqında son zamanlar çox kəskin yazılar yazmağım həmin adamları bu addımı atmağa vadar edib. Mən antimilli qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, yenə də mübarizə aparacağam...”

Məlumat üçün qeyd edək ki, həmin bu deputat ardıcıl iki dəfə Ağdaşdan deputat olub və ən əsası odur ki, parlamentdə nisbətən cavan nəslin nümayəndəsi sayılır.

Yəni, məntiqlə adam daha müasir dünyagörüşünə, təfəkkürə, hadisələrə adekvat münasibətə malik olmalıdır. Ancaq göründüyü kimi, bunun tam əksinə olaraq, barəsində yayılan şayiələrə olduqca absurd, primitiv, hətta tragikomik formada münasibət bildirir.

Onun sözündən belə çıxır ki, hansısa müxalif siyasi qüvvə “ölkəni qarışdırmaq üçün”(!) onunla sözügedən aktrisa barədə bu cür şayiələr yayır. Az qala belə təsəvvür yaranır ki, hörmətli Cavid bəy barədə bu “həyəcanlı xəbərlər” yayılır-yayılmaz ölkədə təxribatlar törədilə, yüzminlərlə insan küçələrə axışa, qarşıdurmalar, iğtişaşlar təşkil edilə, qan tökülə bilər. 

Sanki Osmanov bu hakimiyyətin açar ismi, əsas aparıcı fiquru, böyük nüfuz və güc sahibidir, xain qüvvələr isə onunla heç cür bacarmadığından, barəsində bu cür məxfi əməliyyat hazırlayıblar, sözügedən aktrisa isə onların agenti – az qala Mata Xaridir...

Bu deputata deyən lazımdır ki, ay rəhmətliyin oğlu, bu ölkədə sizdən həm fiziki çəkisi, həm vəzifə, həm imkan sarıdan qat-qat ağır olan Oqtay Əsədov kimi parlament sədrinin Rusiyada striptiz-klub saxladığı rəsmi sənədlərlə sübuta yetirildi.

Şeyxülislamın hansısa avropalı xanımla şərikli hotel biznesilə bağlı faktlar dərc edildi.

Yaxud, MTN nazirinin “banda” yaratdığı və onların da başına torba keçirib oğurlatmadığı, soymadığı iş adamı qalmadığı məhkəmələrdə sübuta yetirildi və sair və ilaxır.

Vaxtaşırı belə məlumatları, faktları mətbuatdan oxuyub, eşidib “feyziyab” olan camaat üçün indi bir deputatla hansısa aktrisanın guya yaşadığı izdivac barədə yalan-palan xəbərlər nə mənədir ki, bu ölkədə qarışıqlıq salsın?

Bir sıravi deputatın bu cür gülünc iddia ilə çıxış etməsi özündən razılıq, müştəbehlik, reallıq hissinin itirilməsi deyil də, nədir?

Yeri gəlmişkən, sorğu keçirən olsa, məlum olar ki, Azərbaycanda pis-yaxşı, hər halda akstisa, şou-biznes nümayəndəsi və s. sayılan Pərvin Abıyevanı tanıyanların sayı həmin bu deputatı tanıyanların sayından yüz, hətta min dəfələrlə çoxdur. Məntiqlə, bəlkə də Ağdaşda belə düz-əməlli tanınmayan millət vəkili məlum şayiəni yayanlara və Abıyevaya reklam üçün minnətdar olmalıdır...

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın