Cəbhədən gələn küy- Reallıqları qəbul etməyənlərin tükənmə sindromu

08, 10, 22
10:00

Cəbhədən gələn küy- Reallıqları qəbul etməyənlərin tükənmə sindromu


Son zamanlar Azərbaycan müxalifətinin qlobal çağırışlara və dünyada gedən siyasi proseslərə ayaq uyğunlaşdırmadığı açıq-aşkar müşahidə olunmaqdadır. Özlərini müxalifətin lideri hesab edən partiyalar gündəlik proseslərə uyğun əvvəlcə mövqe qoyurlar, sonra isə bu mövqedən yayınırlar. Ancaq bunu da etiraf etməkdə çətinlik çəkirlər.  

II Qarabağ müharibəsindən sonra müxalifət varlığını saxlamaq  üçün “sülhməramlıların mövcudluğu kartından” aktiv istifadə etdi. Lakin bu prosesin də yekununu hesablamadan fəaliyyət göstərdikləri aşkar görünməkdədir. Zaman onları hər dəfə yanıldır. Çünki hesabları doğru gəlmir...

Ötən ayın sentyabrında Azərbaycan-Ermənistan arasında baş vermiş hadisələrdə özlərini kifayət qədər “ağıllı” hesab edən bəzi müxaliflər erməni diasporalarının, erməniyönlü hakimiyyət və xarici beynəlxalq təşkilatların mövqeyindən fərqlənməyən fikirlər səsləndirməyə başladılar. Hətta Paşinyanın ritorikası ilə Azərbaycanın səhv addım atdığını, “qəsbkar” dövlət olduğunu dilə gətirdilər. Ehtimal ki, bu mövqelərinə görə bəzi təşkilatların qrant qapıları onların üzlərinə açıldı, amma belə zərərli ideyaları yaymaqla cəmiyyətdə nə qədər nifrət və “hörmət” qazandıqlarını hesablaya bilmədilər.

Hakimiyyətə iddialı qurumların belə vəziyyətdə olması kifayət qədər acınacaqlı haldır. Hər zaman günahı başqa yerdə axtaranlar, hesab-kitab etmədən yalnız hakimiyyətin mövqeyinin əksinə mövqe qoyaraq, müəyyən kütləni özünə cəlb etməyə çalışanlar təbii ki, sonda “bataqlığa” getməyə məhkumdur. Əlbəttə, siyasətçinin tutduğu yola adətən onun xarakteri təsir edir.

Xarakterik davranışlar

II Qarabağ müharibəsindən sonra AXCP-nin siyasi proseslərə yanaşmasını təxmin etmək elə də çətin deyil. Çünki hakimiyyət nə edirsə, AXCP də onun əksini təbliğ edir, cəmiyyətə yayır və bu üsulla guya öz mövcudluğunu saxlayır. Lakin baş verən bir hal xüsusi diqqət çəkir. Digər məsələlərdən fərqli olaraq hakimiyyətin ən sıx münasibət saxladığı, dövlətlərarası münasibətləri qardaşlıq münasibətinə çevirdiyi dövlətin başçısına AXCP sədrinin də kəskin, fərqli mövqe qoymadığı görünür. Yəqin o da başa düşür ki, bugünki qardaşlıq münasibətlərinin qurulmasına Rəcəb Tayyip Ərdoğanın şəxsi mövqe və xarakteri də təsir edib.

Belə vəziyyətdə AXCP sədrinin müavini Seymur Həzinin fərqli mövqe qoyması Ərdoğanı “diktator” adlandırması, mütəmadi olaraq əleyhinə yazılar yazması maraq doğurur. Bəlkə, hansısa dairələr AXCP sədrinə Ərdoğana qarşı mövqe qoyulmasına icazə vermir, o da əsl fikirlərini bu yolla cəmiyyətə çatdırır?! Yoxsa, partiyanın sədr müavini sədrin dəst-xəttini qəbul etmir və quruma yeniliklər gətirməyə çalışır?
 
Hər bir halda hər iki mövqe və ya Azərbaycanda hər hansı qurumun belə mövqe tutması dövlətçiliyimiz və milli maraqlarımız üçün ciddi problemdir. Bugünki dünya reallıqlarında, beynəlxalq hüququn təsir imkanlarını itirdiyi dövrdə,  hətta ABŞ-la İranın eyni mövqedən çıxış etdiyi Qarabağ münaqişəsində qardaşlıq borcunu haqqı ilə yerinə yetirən Türkiyəyə və onun rəhbəri Rəcəb Tayyip Ərdoğana qarşı belə mövqenin səsləndirilməsinin, onun diktator adlandırılmasının nə qədər yanlış addım olduğunu anlamaq üçün yalnız özünü dünyadan təcrid edib, gözlərini yumub, qulaqlarını tutmalısan. Ən acınacaqlısı da partiyada S.Həzini dəstəkləyən kifayət qədər şəxslərin olmasıdır.

Ukrayna müharibəsinin Azərbaycan Cəbhəsinə təsiri

Yuxarıda qeyd olunan prosesə Rusiya-Ukrayna müharibəsinin təsir etməsi danılmaz faktdır. Belə ki, müharibənin başlanması özünü təsdiq etmək üçün bəzi şəxslərə fürsət verdi. Sosial şəbəkələrdəki paylaşımlardan belə demək olar ki, Seymur Həzi də bu şəxslərdən biridir. “Demokratiya Naminə Ukrayna”ya dəstək platforması, həmin platformanın bəyanatları mütəmadi olaraq ABŞ-a dəstək paylaşımlarının edilməsi və s davranışlar buna nümunədir. Lakin əsas sual budur- AXCP sədri Əli Kərimli bu platformanın qarşısındadır, ya arxasında?

Seymur Həzi yaranmış situasiyadan istifadə edərək bu platformada hansı addımları hesablayıb? Müharibənin yekunundan sonra platformanın sonu necə olacaq? Bu platformadan yeni bir siyasi təşkilat çıxarmı? Əlbəttə bunlar kənar müşahidəçi suallarıdır. Bəlkə də bu sualların adı çəkilən şəxslər tərəfindən cavabları məlum olduğu üçün heç bir əhəmiyyəti yoxdur. Burada diqqət çəkən məqam Ə.Kərimlinin hazırkı dövrədə platformanı bir dəfə də dəstəkləməməsi və ya bunu publik etməməsidir. hər bir halda zamanla prosesin yekunu görünəcək.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın