AXCP sədrinin müavini: “Azərbaycan Gürcüstandan aşağı pensiya verir”
AXCP sədrinin müavini: “Azərbaycan Gürcüstandan aşağı pensiya verir”
Oktyabrın əvvəlində “Toplum Tv”-nin qonağı olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Elman Nəsirovla debatda deyib ki, Azərbaycan öz vətəndaşlarına Gürcüstanla müqayisədə az təqaüd verir.
“Azərbaycan Reallığı” bu iddianın doğru olub-olmadığını araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sonuncu açıqlamasına görə, Azərbaycanda yaşa görə orta pensiya məbləği 399 manat təşkil edib.
Ölkədə minimum pensiya məbləği bu ilin yanvarından etibarən 240 manat təyin edilib.
Gürcüstanda pensiyalar yaşa və yaşayış yerinə görə fərqlənir.
Hazırda bu ölkədə ən yüksək təqaüdü yaşı 70-dən çox olan və yüksək dağlıq ərazidə yaşayan pensiyaçılar alır.
Onların əldə etdiyi pensiya məbləği 360 lariyə bərabərdir. Bu, hazırkı məzənnə ilə 221 manat təşkil edir.
Gürcüstanda yüksək dağlıq ərazidə yaşayan yaşı 70-dən az olan şəxslər 312 lari (192 manat), yüksək dağlıq ərazi kateqoriyasına aid edilməyən ərazilərdə yaşayan yaşı 70-dən çox olan pensiyaçılar 300 lari (184 manat), həmin ərazilərdə yaşayan yaşı 70-dən az olan pensiyaçılar isə 260 lari (160 manat) təqaüd alır.
Göründüyü kimi, qonşu ölkədə ən yüksək pensiya alan qrupun – yaşı 70-dən çox olan və yüksək dağlıq ərazilərdə yaşayan şəxslərin aldığı pensiya məbləği (221 manat) belə Azərbaycandakı minimum pensiyadan (240 manat) aşağıdır.
“Azərbaycan Reallığı”nın gəldiyi nəticəyə görə, Seymur Həzinin iddiası yanlışdır.
AZƏRBAYCANREALLIĞI.COM