“Vüqar Məmmədov siyasi sifarişlə həbs olunub” – SƏRDAR CƏLALOĞLU

01, 08, 23
14:00

“Vüqar Məmmədov siyasi sifarişlə həbs olunub” – SƏRDAR CƏLALOĞLU


“İlham Əliyev nəyə görə özünə qarşı əlavə basqılar təşkil etməlidir?!”

“…Mənə elə gəlir ki, bu həbslər, əksinə, ölkədə gərginliyi artırmaq, müxalifət-iqtidar qarşıdurması yaratmaq, Rusiyanın hər hansı bir şəkildə ölkədə gedən proseslərə müdaxiləsi üçün zəmin hazırlamaq və Qərblə Azərbaycan arasında ziddiyyət yaratmaq məqsədi güdür”

“Hürriyyət” qəzetinin, eləcə də eyniadlı “Hurriyyet TV” və Hurriyyet.az saytının baş redaktoru Vüqar Məmmədov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər verdiyimiz kimi, 23.07.2023 tarixində, günorta saatlarında Vüqar Məmmədov və istefada olan polkovnik Elnur Məmmədov “Hurriyyet TV”-dəki çıxışları ilə əlaqədar olaraq Baş Prokurorluğa dəvət olunub. Hər ikisi müstəntiqin dəvətini qəbul edərək Baş Prokurorluğa gedib və orada ifadə veriblər. Bundan sonra V.Məmmədov və E.Məmmədov polis maşınına mindirilərək, Nərimanov Rayon Məhkəməsinə aparılıblar. Saatlar sonra isə Nərimanov Rayon Məhkəmsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə V.Məmmədov və E.Məmmədov qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci maddəsi ilə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə edilməsi qaydaları əleyhinə olan inzibati xətalar) 1 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müsahibəni olduğu kimi təqdim edirik:

- Vüqar Məmmədovun həbsindən artıq 8 gün keçir. Sizcə, məlum ittihamlarla baş redaktorun həbsə atılması nə dərəcədə ədalətli və hüquqidir?

- Bu barədə əlimizdə həm prokurorluğun, həm də məhkəmənin qərarı var. Həmçinin, Vüqar Məmmədovun vəkili Vüqar Xasiyevin məhkəmədəki çıxışı var. Həmin ittihamlar demək olar ki, Azərbaycan qanunlarına ziddir, heç bir əsası yoxdur və ittihamla əməl arasında heç bir əlaqə yoxdur. Fikrimcə, siyasi sifariş xarakterli bir həbsdir. Ona görə də, mənə elə gəlir ki, bu, tamamilə ədalətsizdir, qanunsuzdur.

Bununla bağlı da biz apellyasiya şikayəti verəcəyik, eləcə də Ali Məhkəməyə, ondan sonra da Avropa Məhkəməsinə müraciət edəcəyik. Azərbaycan hakimiyyət orqanlarının özbaşına kiminsə sifarişi, kiminsə xoşuna gəlmədi deyə jurnalisti, siyasətçini və s. həbs etməsi təcrübəsinə birdəfəlik son qoyulmalıdır. Bilirsiniz ki, İlham Əliyev də dəfələrlə ictimai nəzarətin gücləndirilməsinin vacibliyi ilə bağlı fikir bildirib. Televiziyalar, qəzetlər, ictimai nəzarətin formalarından biridir. Vüqar bəy də ölkədə sosial-iqtisadi problemlərlə bağlı dəfələrlə acıq şəkildə çıxışlar edib, ayrı-ayrı məmurların, idarələrin adlarını çəkib, qanunsuz əməllərini aşkara çıxarıb. Mən düşünürəm ki, həbsin əsas səbəbi bununla əlaqəlidir.

- Baş Prokurorluq Vüqar Məmmədovun "yayılması qadağan olunan informasiya"nı ictimailəşdirdiyi üçün həbs olunduğunu açıqladı. Məhkəmə qətnaməsində isə göstərilir ki, hakim heç bir fakt irəli sürmədən, ümumi sözlərlə onu ittiham edərək, barəsində hökm çıxarıb. Sizcə, bütün bunlar da Vüqar Məmmədovun həbsinin sifarişli olduğuna dəlalət etmirmi?

- Əvvəla onu deyim ki, bu qadağan olunmuş məlumatın yayılması o məlumatı qoruyan adamlara aiddir. Əgər Vüqar Məmmədovun qadağan olunmuş məlumatlara hər hansı formada girişi yoxdursa, o, bu məlumatı yaya bilməz ki. Qadağan olunmuş məlumatlar dövlət sirridir. Dövlər sirrini qoruyan idarələr var. O idarələrin nümayəndələri tərəfindən bu sirr yayılarsa, bu, qadağan olunmuş məlumatı yaymaq deməkdir.

Vüqar Məmmədovun nə kimi səlahiyyəti var idi ki, qadağan olunmuş məlumatlara müdaxilə etsin və onu yaysın?! Bu, canlı yayım verilişidir, bir qonaq dəvət edilib, qonaq burada öz fikirlərini ifadə edib. Ola bilsin ki, o, hansısa bir sirri yayıb. Bu zaman bunun aparıcıya nə dəxli var? Əgər belə olsa, onda Azərbaycan televiziyasında aparıcı jurnalistlərin əksəriyyəti həbs olunmalıdır. Çünki bütün siyası partiyalar aparıcılarla danışıb, azad fikirlərini bəyan edirlər. Fikirlərini, mövqelərini bildirirlər, hətta bəzən qanunu da pozan çıxışlar olur. Buna görə jurnalisti həbs edirlər?!

Siz hazırda məndən müsahibə alırsınız. Suallarınızı verirsiniz, cavablandırıram. Mənim müsahibəmə görə niyə siz həbs olunmalısınız?

Mənim müsahibəm məni bağlayar, sizi nəyə görə bağlamalıdır?! Mənim sözlərimə görə mən məsuliyyət daşıyıram, siz yox. Bu baxımdan da məlumat yayılıbsa, məlumatı yayan adam məsuliyyət daşıya bilər. Bilirsiniz də, cəzanın əsas əlamətləri cəzanın fərdləşdirilməsi, yəni konkretləşdirilməsidir. Bir adam orada çıxış edir, televiziyanın aparıcısı da həbs olunur… Bu nə deməkdir? Bu o deməkdir ki, siyasi motiv var.

Ümumiyyətlə, qadağan olunmuş məlumatların yayılması ilə bağlı ittiham Vüqar bəyə aid edilə bilməz. Çünki onun hər hansı bir məlumatın müdafiəsi ilə bağlı öhdəliyi yoxdur. Məsələn, mən üzərimə götürməmişəm ki, bu məlumatları qoruyacam. Bəs, bu zaman bunun yayılması mənə nə kimi məsuliyyət yaradır?

Qanunda dövlər sirri nələrdir, yayılması qadağan olan məlumatlar hansılardır? Dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.

Məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekvizitlərdir, texnikanın sayıdır, texnikanın xarakteridir, hərbi əməliyyatlardır və s. Bunların heç biri ilə əlaqəli məlumat yayılmayıbsa, sən hansı qadağan olunmuş məlumatın yayılmasından danışırsan. Orada bəhanə budur ki, 3 verilişdə başlıq, ad qoyulub: “ŞOK! ŞOK! ŞOK!”.

Bu başlığa görə həbs olar? Hər kəsə bəllidir ki, internetdə və televiziyalarda baxış daha çox olsun deyə, bu cür cəlbedici başlıqlardan çox istifadə edirlər. Bu da internet və televiziyaların reklam xarakterli, dinləyicinin diqqətini daha çox cəlb etmək üçün istifadə etdiyi bir priyomdur.

Belə götürsək, Azərbaycanın bütün televiziyaları adi bir məlumatı da o cür təqdim edirlər. Burada məqsəd tamaşaçı cəlb etməkdir. Rekalama görə adamı həbs edərlər? Qeyd edirlər ki, “ŞOK! ŞOK! ŞOK!” yazdığınıza görə bu ordunun nüfuzunu aşağı salır. Əgər deyilən fikir ordunu nüfuzdan salmırsa, o başlıq nəyə görə salmalıdır? Uydurma olduğu artıq bilinir.

- 2019-cu ildən sonra Azərbaycanda hüquq sahəsində islahatların aparıldığı iddia olunur. Lakin çox təəssüflə qeyd olunmalıdır ki, hələ də məhkəmələr sifarişlə hökm çıxarır, polis qanunsuz həbslər həyata keçirir və s. Sizcə, belə olan halda Prezidentin 2019-cu ildə verdiyi məlum fərmana nə ehtiyac vardı?

- Təbii ki, Azərbaycanda hüquqi islahat aparılmır. Azərbaycanda hüquqi islahatların aparılması həm məhkəmələrin, prokurorların, polislərin fəaliyyəti ilə bağlı qanunun dəyişilməsini tələb edir, həm də ümumiyyətlə cəza orqanlarının bir-birindən asılılığı məsələsinə yenidən baxılması tələb edilir. Məsələn, Azərbaycanda prokuror dövlət adından qərar verir, məhkəmə dövlət adından hökm çıxarır, bir vətəndaşın adından vəkil çıxış edir. Bu, özü qabaqcadan ədalət mühakiməsini sıfra endirir. Çünki niyə 2 tərəf dövlətin təmsilçisidir,1 tərəf vətəndaşın?! Halbuki, vətəndaşla dövlət bərabər hüquqda olmalıdır. Əgər məhkəmə dövlətin, vəkil müttəhimin adından çıxış edirsə, prokuror nə dövlətin, nə də müttəhimin adından çıxış etməməlidir. Yəni prokurorun dövlətin adından çıxış etməsi qadağandır. Dünyanın heç bir ölkəsində prokuror dövlətin adından vətəndaşa qarşı ittiham irəli sürmür.

İkincisi, bizdə istintaqla prokuror orqanı bir yerdədir. Ola bilsin ki, istintaq orqanı ilə prokuror bir yerdə olanda istintaqın heç bir yanlış addımı prokurorluq tərəfindən düzəldilmir. Halbuki, Avropada prokurorluq ayrı, istintaq ayrı idarədir. Prokurorluq həm istintaqın düzgün və ədalətli getməsinə nəzarət edir, həmçinin ittihamı müdafiə edir. Bizdə isə istintaqla prokurorluq bir yerdə olduğu üçün, demək olar ki, istintaqın heç bir yanlışlığının, heç bir ədalətsiz davranışının vaxtında üstü açılmır. Ona görə də Azərbaycanda heç bir hüquqi islahatdan söhbət gedə bilməz.

Avropa Məhkəməsi tərəfindən Azərbaycanda indiyə qədər yüzlərlə hakimin qərarları qeyri-qanuni elan olunub, Azərbaycan Ali Məhkəməsi plenumda bunu düzgün hesab edib və qərarlara “hə” deyib. Bu, onu göstərir ki, Azərbaycanda biabırçılıqdı, hüquq sistemində çox neqativ hallar var.

- Demək olar ki, eyni günün içərisində partiya sədri Qubad İbadoğlu həbs olundu, ardınca baş redaktor Vüqar Məmmədov barəsində qanunsuz hökm çıxarıldı. Necə düşünürsüz, bütün bunlar ölkə başçısının iradəsi çərçivəsində baş verir, yoxsa, əksinə Prezidentə qarşı sabotajdır?

- Mən ümumiyyətlə inanmıram ki, Prezident Vüqar bəyin həbsində maraqlı olub. Qubad İbadoğlu respublikadan kənarda kifayət qədər tanınmış iqtisadçıdır. Məsələn, bu günlərdə 4 ölkə bu məsələ ilə bağlı bir yerdə bəyanat verib. Bu, həm də İlham Əliyevə qarşı beynəlxalq ictimaiyyətin neqativ bir mövqe sərgiləməsinə gətirib çıxarır. İlham Əliyev nəyə görə özünə qarşı əlavə basqıları təşkil etməlidir?! Mənə elə gəlir ki, bu həbslər, əksinə, ölkədə gərginliyi artırmaq, müxalifət-iqtidar qarşıdurması yaratmaq, Rusiyanın hər hansı bir şəkildə ölkədə gedən proseslərə müdaxiləsi üçün zəmin hazırlamaq və Qərblə Azərbaycan arasında ziddiyyət yaratmaq məqsədi güdür.

- Vüqar Məmmədov vaxtilə Demokrat Partiyasının təsisçisi olduğu "Hürriyyət" qəzetinin baş redaktorudur. ADP onun qanunsuz həbsinə qarşı hər hansı siyasi addım atmağı düşünür?

- Təbii ki, Vüqar Məmmədov siyasi fəaliyyətinə görə yox, jurnalistik fəaliyyətinə görə həbs olunub. Və bizim də tədbirimiz bu həbsin qeyri-qanuni olduğunu bildirmək və bununla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, həm də hüquqi prosedurdan istifadə etməkdir. Artıq biz vəkildən xahiş etmişik, apellasiya şikayəti hazırlanıb. İlk növbədə hüquqi prosesləri keçməliyik. Siyası cəhətdən də biz Vüqar bəyi birmənalı şəkildə dəstəkləyirik, onun qeyri-qanuni həbs olunduğunu bilirik. Başqa cür biz gedib hökümətin həbsxanasını açıb, onu buraxan deyilik. Biz yalnız hökümətdən fərqli olaraq, qanun və Konstitusiyaya uyğun fəaliyyət göstəririk. Qanun və Konstitusiyanın bizə verdiyi bütün imkanlardan istifadə edib, bu qeyri-qanuni hərəkata qarşı mübarizəmizi davam etdirəcəyik.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın