İşdən çıxarılan sürücülər, yolda qalan “BakuBus” avtobusları: Bir azdan sürən tapılmayacaq?

17, 01, 24
18:00

İşdən çıxarılan sürücülər, yolda qalan “BakuBus” avtobusları: Bir azdan sürən tapılmayacaq?

"Azərbaycan Reallığı" xatırladır ki, son zamanlar “BakuBus” MMC-nin avtobuslarında tez-tez texniki nasazlıqlar, yanğınlar baş verir. Eyni zamanda, xidmət keyfiyyəti də aşağı düşüb. Bəzi sürücülər avtobusu yolda qoyub gedir, bəziləri də nalayiq ifadələr işlədirlər.
 
Ekoloji təmiz, rahat olan “BakuBus”da niyə belə problemlər yaranıb? Avtobuslar hansı müddətdə texniki baxışdan keçirilir? Məsələ barədə “BakuBus” MMC-yə sorğu ünvanladıq. MMC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, avtobuslar marşrut xəttindən qayıdıb qaraja daxil olduqdan sonra daxili reqlamentə uyğun prosedurlardan qrafik üzrə keçirilir:
 
“İlk növbədə mexaniklərimiz avtobusları sürücülərdən texniki baxış əsasında təhvil alırlar. Texniki baxış əsasında müəyyən edilmiş nasaz avtobuslar qarajımızın təmir mərkəzinə yönəldilir, ustalarımız tərəfindən təmir edilir və xəttə buraxılır.
 
Saz avtobuslarda isə növbəti iş günü xəttə çıxmaq üçün yanacaq dolumu, daxili və xarici təmizlik edilir. Bu proseslərdən keçdikdən sonra avtobuslar onlar üçün ayrılmış yerlərə qarajdaxili sürücülərimiz tərəfindən park edilir və səhər reysqabağı tibbi müayinədən keçən sürücülərimizə mexaniklərimiz tərəfindən təhvil verilir. Bunlar hər gün istisnasız olaraq bütün avtobuslarımız üçün həyata keçirilir. İstehsalçı reqlamentlərinə uyğun olaraq avtobuslar dövri olaraq texniki baxışdan keçir”.
 
“BakuBus”dan bildirilib ki, gündəlik 600-ə yaxın avtobus marşrut xəttinə buraxılır və bu avtobuslar gün ərzində sərnişinlərə xidmət edir:
 
“Xətdə hərəkətdə olan bu avtobusların hər hansı birində nasazlıqların yaranması mümkündür. Bu kimi hallar avtobuslara texniki qulluğun keyfiyyəti ilə bağlı deyil. Gün ərzində orta hesabla cəmi iki-üç avtobusumuzda müxtəlif nasazlıqlar baş verir. Bu zaman nasaz avtobus qaraja yönəldilir və əvəzinə ehtiyat avtobus verilir.
 
Hər bir hadisə hərtərəfli, hətta digər avtobuslarda da eyni halın təkrarlanma ehtimalı da daxil olmaqla ciddi araşdırılır. Məlumat üçün bildirim ki, hadisələr yanğın hadisəsi deyil. Avtobuslarımız yüksək təhlükəsizlik tələblərinə cavab verir. Nasazlıq baş verərkən avtobusda mövcud avtomatik qoruma sistemi işə düşür.
 
Analoji problem “BakuBus” avtobuslarında müşahidə edildikdən sonra bütün avtobusların bu sistemlərinin yenidən inspeksiyasının keçirilməsi ilə bağlı istehsalçı şirkətə tələb irəli sürülüb və razılıq əldə olunub. Bu proses artıq gedir və yaxın günlərdə sonlandırılacaq”.
 
Qurumdan vurğulanıb ki, onlarda sürücü olmaq istəyənlərin təqdim etdikləri sənədlər araşdırıldıqdan sonra namizədlər müsahibəyə dəvət edilir, həkim müayinəsinə göndərilir və narkoloji testdən keçirilirlər:
 
“Bununla yanaşı, bu şəxslər psixoloqlarla müsahibədən keçirlər. Nəticələr tələblərə uyğun olduqda müraciətçi Sürücü Təlim Mərkəzinə yönləndirilir. Burada sükan arxasında düzgün oturuş vəziyyətindən tutmuş, fövqəladə vəziyyətdə sükanı idarəetmə vəziyyətinə qədər kompleks praktiki və nəzəri təlimdən keçirlər.
 
Təlim proqramına, eyni zamanda, marşrut xətlərinin tanıdılması da daxildir. Təlimi müvəffəqiyyətlə başa vurmuş şəxslər bizim şirkətdə sürücü olmaq hüququ əldə edirlər və onlarla əmək qanunvericiliyinin tələblərinə uyğun müqavilə bağlanır”.
 
“Biz ictimai nəqliyyat sahəsinə keyfiyyət standartları gətirmiş şirkətik. Bu keyfiyyət standartları böyük ölçüdə sürücülərlə bağlıdır. Qeyd etdiyiniz hallar da, təbii ki, mövcuddur və kütləvi deyil. Nəzərə almaq lazımdır ki, şirkət gündəlik olaraq 500 minə yaxın sərnişinin daşınmasını həyata keçirir.
 
Belə hallara qarşı münasibətimiz kəskindir. 2023-cü il ərzində işində yol vermiş nöqsanlara görə yeddi sürücünün əmək müqaviləsinə xitam verilib. Eyni zamanda, 43 sürücü barəsində isə müxtəlif inzibati tənbeh tədbirləri görülüb”, - deyə MMC-dən əlavə edilib.
 
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda avtobus nəqliyyatının iş yükü böyükdür:
 
“Bu yükü azaltmaq yönündə işlər görülməlidir. Şəhərdəki bütün nəqliyyat daşıyıcılarında oxşar problemlər var. Avtobus tüstüləyirsə, bu ondan irəli gəlir ki, yüklənib. Digər problem odur ki, ciddi sürücü çatışmazlığı müşahidə olunur. Bunun səbəbi odur ki, əməkhaqqı aşağıdır və sürücülər daha çox maaş verən istiqamətə yönəlirlər.
 
Hazırda Polşaya axın var. Bu məsələ həll edilməlidir. Yəni maliyyələşmə modeli köhnə plandan brutto xərc müqaviləsinə keçirilməlidir. Bu da hər kilometrə görə dövlət tərəfindən subsidiya olunmasını özündə ehtiva edir. Nəticədə maaşlar artırılmalıdır”.
 
Ekspert qeyd edib ki, digər məsələ avtobusun yüklənməsinin qarşısını almaqdır:
 
“Yəni ciddi alternativlər formalaşmalıdır. Tramvay xətti çəkilməli, metro stansiyalarının sayı artırılmalıdır”.

Bizimlə əlaqə saxlayın