Bələdiyyələrin bu vergi tələbi qanunsuzdur - RƏSMİ

19, 01, 24
16:00

Bələdiyyələrin bu vergi tələbi qanunsuzdur - RƏSMİ

"Azərbaycan Reallığı" xatırladır ki, 2024-cü il daxil olandan Azərbaycanda bəzi bələdiyyələr xüsusi mülkiyyəti təsdiq edən sənədi ("kupça") olmayan fərdi evlərin sakinlərinə bildiriş göndərərək onlardan əmlak və torpaq vergisinin ödənilməsini tələb edirlər. Hətta vətəndaşlara təqdim edilən tədiyyə bildirişlərində xüsusi olaraq bildirilir ki, vergini müəyyən edilmiş müddət ərzində ödəməsələr, Vergi Məcəlləsinə uyğun olaraq, onların ödənilməmiş vergi məbləğinə 0,1 faiz məbləğində əlavə ödəniş hesablanacaq və maliyyə sanksiyası tətbiq ediləcək. Bununla da, bələdiyyələr vətəndaşları həmin vergilərin onlar tərəfindən qanunauyğun şəkildə toplanıldığına inandırmaq istəyirlər.

Maraqlıdır, bu məsələ qanunvericilikdə necə tənzimlənir? Bələdiyyələrin bu tələbi qanunidirmi?
Dövlət Vergi Xidmətindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir. 


“Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə görə, fiziki şəxslər onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müəyyən edilmiş dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə əmlak vergisi ödəyirlər.


Xüsusi mülkiyyət anlayışı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 12.1-ci bəndində də dəqiqləşdirilib. Qanunun həmin maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bu baxımdan, əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklar üçün tətbiq edilir”. 


Xidmətdən həmçinin qeyd edilib ki, yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait var. (https://www.taxes.gov.az/az/post/371). Vətəndaşlar bu linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

Bizimlə əlaqə saxlayın