Azərbaycan təhsilində xərclər və NƏTİCƏLƏR
Azərbaycan təhsilində xərclər və NƏTİCƏLƏR
Azərbaycan təhsil sisteminin maliyyələşdirilməsi və nəticələri üzrə region ölkələri – Gürcüstan, Ermənistan və Ukrayna ilə müqayisəli təhlil göstərir ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ilə təhsil nəticələri arasında balans arzuolunan səviyyədə deyil. Son illərdə artan maliyyə xərclərinə baxmayaraq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyi geriləməkdə davam edir.
"Azərbaycan Reallığı" AzEdu.az-ın mövzu ilə bağlı araşdırmasını təqdim edir:
Təhsil xərcləri: say çox, fayda az?
2019–2024-cü illər üzrə statistika göstərir ki, Azərbaycan Gürcüstan və Ermənistandan daha çox təhsil xərci ayırsa da, bu xərclər müvafiq nəticələr doğurmur. 2024-cü ildə Azərbaycanın təhsil xərcləri 2,6 milyard ABŞ dollarına yaxın olduğu halda, Gürcüstanda bu rəqəm 950 milyon, Ermənistanda 600 milyon dollar, Ukraynada isə 8,5 milyard dollar olub. Adambaşına təhsil xərci də Azərbaycan üçün 215–238 dollar aralığında dəyişib ki, bu da Gürcüstandan təxminən 25–30% aşağı olsa da, Ermənistandan xeyli yüksəkdir.
Lakin bu göstəricilər öz-özlüyündə uğur demək deyil. Təhsilə ayrılan vəsaitlərin effektivliyi, yəni nəticələrə təsiri daha həlledici faktordur. Azərbaycan dövlət büdcəsinin 9–12%-ni təhsilə ayırsa da, Gürcüstanda bu göstərici 10–13%, Ermənistanda isə 7–8% təşkil edir. ÜDM-ə nisbətdə isə Azərbaycanın təhsil xərcləri 2,7–3,5% arasında dəyişərək Gürcüstandan azca geri qalır, Ermənistandan isə əhəmiyyətli dərəcədə üstündür.
PISA nəticələri: Bakıdan o yana yox?
Ən obyektiv beynəlxalq qiymətləndirmələrdən biri olan PISA nəticələrinə görə, Azərbaycan 2022-ci ildə iştirak edən 81 ölkə arasında ən zəif nəticə göstərənlər arasında yer alıb. Bu, xüsusilə narahatedici haldır, çünki Azərbaycan yalnız Bakı məktəbləri ilə təmsil olunub. Nəzərə alsaq ki, paytaxtda təhsil səviyyəsi ölkənin digər bölgələri ilə müqayisədə daha yüksəkdir, bu nəticə ümumi təhsil sistemimizin vəziyyəti ilə bağlı ciddi suallar doğurur.
Əlavə olaraq, 2018-ci illə müqayisədə Azərbaycanda PISA nəticələri üzrə bütün sahələrdə geriləmə müşahidə olunub: oxu üzrə 24 bal, riyaziyyat üzrə 23 bal, təbiət elmləri üzrə 18 bal azalma qeydə alınıb. Gürcüstan və Ukrayna bu sahədə Azərbaycandan daha yaxşı nəticə göstəriblər.
Universitetlər və elmi tədqiqatlar: Keyfiyyət problemi
“Times Higher Education” reytinqinə görə, Azərbaycan yalnız 2 universitetlə təmsil olunur, halbuki Ukrayna 17, Gürcüstan 3 universitetlə siyahıdadır. Tədqiqat keyfiyyəti üzrə bal da aşağı səviyyədədir: Azərbaycan üçün bu göstərici 17,8 olduğu halda, Ukraynada 57,8, Gürcüstanda isə 49,6-dır. Xarici tələbələrin marağına dair “beynəlxalq görünüş” indikatoru üzrə də Azərbaycan 35 balla geridə qalır.
Bu vəziyyət həm elmi-tədqiqat mühitində, həm də universitetlərin qlobal miqyasda rəqabət qabiliyyətində ciddi çatışmazlıqlardan xəbər verir. Ölkənin innovasiya və elmi potensialı da zəifləyib: Qlobal Bilik İndeksində Azərbaycanın 2020-ci ildəki mövqeyi 64-cü olduğu halda, 2024-cü ildə 100-cü yerə geriləyib. Gürcüstan və Ermənistan isə eyni dövrdə irəliləyiblər.
Bütün təqdim olunan faktlar və beynəlxalq göstəricilər onu göstərir ki, son illərdə Azərbaycanın təhsil sektoruna ayrılan vəsaitlərdə nəzərəçarpacaq artım müşahidə olunsa da, bu artımın keyfiyyət göstəricilərinə təsiri gözlənilən qədər olmamışdır. Dövlət büdcəsindən ayrılan böyük məbləğlər – orta və ali təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, müəllimlərin əməkhaqqının artırılması, rəqəmsal tədris mühitinin təşviqi kimi sahələrə yönəldilsə də – nəticə etibarilə təhsilin keyfiyyəti, xüsusilə də beynəlxalq qiymətləndirmələrdə ölkənin mövqeyi, stabil və davamlı şəkildə yaxşılaşmayıb.
Burada əsas məsələ təkcə vəsaitin miqdarı deyil, həmin vəsaitlərin necə idarə olunması və hansı məqsədlərə yönəldilməsi ilə bağlıdır. Təhsil sahəsində həyata keçirilən layihələrə ayrılan resurslar şəffaf şəkildə idarə olunmadıqda, büdcə vəsaitləri səmərəsiz xərcləndikdə və nəticələrə yönəlik mexanizmlər zəif olduqda, ölkə üzrə təhsil sistemində real irəliləyiş əldə etmək çətinləşir. Bu isə təəssüf ki, Azərbaycanın da qarşılaşdığı reallıqlardan biridir.
Xüsusilə beynəlxalq müqayisələrdə – istər PISA, istər Global Innovation Index, istərsə də digər qlobal qiymətləndirmələrdə – Azərbaycanın geridə qalması onu göstərir ki, ölkənin təhsil strategiyası və tətbiq edilən islahatlar kağız üzərində yüksək səviyyədə təqdim olunsa da, praktikada istənilən təsiri yaratmır. Regionlar üzrə təhsil keyfiyyətində bərabərsizlik, şagirdlərin savad göstəricilərində ciddi fərqlər və universitetlərin dünya reytinqlərindəki zəif mövqeləri də bu mənzərənin tərkib hissəsidir.
Əldə olunan ümumi təəssürat odur ki, ya təhsilə ayrılan vəsaitlər konkret və effektiv nəticələr doğura biləcək şəkildə istifadə olunmur, ya da bu sahədə idarəetmə mexanizmləri strateji planlama, monitorinq və hesabatlılıq baxımından yetərincə yetkin deyil. Hər iki ehtimal, təbii olaraq, ciddi suallar doğurur və sistemin yenidən nəzərdən keçirilməsinin vacibliyini göstərir.
Məsələ ondan ibarətdir ki, cəmiyyətin böyük gözləntiləri, müəllim və valideynlərin ümidləri, eləcə də ölkənin gələcək insan kapitalının formalaşması bu sahədəki idarəetmənin səmərəliliyindən birbaşa asılıdır. Əgər bu proseslərdə koordinasiya və cavabdehlik mexanizmləri güclü deyilsə, ən yüksək səviyyədə ayrılan vəsaitlər belə dayanıqlı nəticələr verməyəcək. O halda isə ölkə rəhbərliyinə təqdim olunan rəqəmlərin və göstəricilərin real vəziyyəti nə dərəcədə əks etdirdiyi ilə bağlı suallar yaranır.
Beləliklə, yaranan nəticə cəmiyyətin gözləntiləri ilə təqdim olunan rəsmi məlumatlar arasında ciddi uyğunsuzluğun mövcud ola biləcəyini göstərir. Bu isə təkcə texniki deyil, eyni zamanda etik məsuliyyət məsələsidir. Azərbaycanda təhsilin inkişafı üçün maliyyə imkanları mövcuddur, lakin bu imkanların gerçək, ölçülə bilən, davamlı nəticələrə çevrilməsi üçün ilk növbədə vəsaitlərin hara və necə yönəldildiyi sual altındadır.