Respublika Uşaq Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anım günü keçirildi - FOTO+VİDEO
Respublika Uşaq Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anım günü keçirildi - FOTO+VİDEO
Bu dəfə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının qapıları Suraxanı rayonu E.N.Qaranzadə adına 270 nömrəli orta məktəbin 3 “C” sinif şagirdlərinin üzünə açıldı.
Məktəbin Uşaq Birliyinin rəhbəri İlahə Əhədovanın da iştirakıyla Ümummilli lider H. Əliyevin anım günü münasibəti ilə “Uşaqlarla xoşbəxt gələcək naminə” mövzusunda söhbət təşkil olundu. Tədbiri giriş sözü ilə açan kitabxana rəhbəri Şəhla xanım Qəmbərova, şagirdəri əvvəlcə Şəhidlərimiz və Ulu Öndərimizin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla yad etməyə çağırdı.
Ardınca Azərbaycan Respublikasının dövlət himni də səsləndirildikdən sonra uşaq şeirləri, nağıl və hekayə kitablarının müəllifi Zahirə Cabir şagirdlərə dahi lider Heydər Əliyevin uşaqlara həmişə böyük diqqət və qayğı göstərməsi haqqında söhbət açaraq onun müstəqil dövlətimizin qurulmasında gördüyü quruculuq işləri barəsində geniş məlumat verdi.
Sinif rəhbəri Səyyarə Hüseynovanın tərtib etdiyi ssenari əsasında məktəblilər ulu öndər H.Əliyevə həsr edilmiş şeirlər, mahnı səsləndirdilər.
Tədbirin sonunda Zahirə Cabirin müəllifi olduğu “Oyuncaq dəvə” hekayəsinin səhnəciyini şagirdlər Əliqulu Qurbanov və Allahverdiyeva Rüqəyya qonaqlara təqdim etdi.
Mənzər QURBANOVA