Universitetlərimizdə adlı təqaüdlər niyə azdır...

21, 10, 23
20:00

Universitetlərimizdə adlı təqaüdlər niyə azdır...

"Azərbaycanda adlı tələbə təqaüdlərinin sayı azdır".

Bunu elm və təhsil naziri Emin Əmrullayev bir müddət öncə tədbirdə çıxışı zamanı deyib.
Nazir nümunə olaraq bildirib ki, xaricdəki hər hansı universitetdə bir neçə yüz adda təqaüd var: "Ümid edirəm ki, biz də daha çox adda təqaüd görəcəyik və təhsilə əlçatanlıq artacaq".

Bu gün təhsildə standart, prezident təqaüdü və adlı təqaüdlər sistemi mövcuddur. Adlı təqaüd təhsildə uğurlu nəticələri ilə fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddür. 

Hazırda Azərbaycanda bir sıra təhsil ocaqları tələbələrinə adlı təqaüdlər təklif edir. Amma tələbələrin əksəriyyəti adlı təqaüd anlayışından xəbərsizdir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov "Azərbaycan Reallığı"na açıqlamasında adlı təqaüdlərin gəncləri motivasiya etdiyini bildirib.

"Adlı təqaüdlərin olması gənclərimizi motivasiya edir, onlarda  təhsilə inamı, marağı daha da artırmış olur. Onlar  daha çox fəaliyyət göstərməyə çalışırlar. Ona görə də bu, önəmli məsələdir.

Hesab edirəm burada bir sıra  digər məsələlərlə yanaşı, özəl sahə ilə universitetlər arasında əlaqələrin qurulması, gücləndirilməsi xüsusi önəm daşıyır. Təhsil və özəl sahə tərəfdaşlığı nəticəsində də biz məqsəd və hədəflərə nail ola  bilərik. Bunun üçün real addımlar ataraq məqsədlərimizə çata bilərik. Adlı təqaüdlərlə bağlı  özəl sahə ilə əməkdaşlıq gücləndirilsə, real addımlar atılsa, bu ümumi prosesə öz töhfəsini verə bilər.

Bu məsələdə Elm və Təhsil Nazirliyi, eyni zamanda universitetlərimiz də maraqlı olmalı, müvafiq addımlar atmalıdırlar ki, bu proseslərə töhfə verə bilək və daha çox adlı təqaüdlər olsun. Mən əminəm ki, həm Elm və Təhsil Nazirliyi, həm də ali təhsil müəssisələri çalışsalar, daha çox adlı təqaüdlərimiz ola bilər. Bu da daha çox təhsilimizə, gənclərimizə dəstəyə öz töhfəsini verə bilər”.

Təhsil eksperti Sona Əliyeva deyib ki, tələbə təqaüdlərinin sayı əhali sayına, iqtisadi vəziyyətə və s. səbəblərə görə təyin olunur:
 
“Ümumilikdə təqaüdlər dövlət tərəfindən verilir. Azərbaycanda özəl sektor, eləcə də dövlət qurumlarının əksəriyyəti təqaüdlər vermir. Mən də düşünürəm ki, hər hansı dövlət qurumu, özəl sektor öz sahəsi üzrə yüksək təlim və təhsil nəticələri olan  tələbələrə  təqaüd ayırmalı, daha sonra onları yaxşı, savadlı kadr kimi işə götürməlidir. Bu baxımdan dövlət qurumları və özəl sektorun marağının az olması  adlı təqaüdlərin sayının az olması ilə əlaqəlidir. Bu ənənənin artırılması üçün təbliğat aparmaq lazımdır.  Bununla da  istedadlı gənclərin özünü sübut etməsinə, gələcəkdə işlə təmin olunmasına dəstək verilməlidir”.

Bizimlə əlaqə saxlayın