Talanan təhsilimiz, yoxsa tamahlanan təhsil naziri?

22, 11, 23
15:00

Talanan təhsilimiz, yoxsa tamahlanan təhsil naziri?

Məşhur Polşa alimi və filosofu Tadeuş Kotarbinskiy deyirdi: “Müəllimlər çox işləyir və çox az alırlar”. Təxminən 200 yüz il  bundan öncə deyilmiş bu kəlamlar sanki bugünkü cəmiyyətimiz üçün deyilib. Təhsil hər bir xalqın incə və ağrılı yeridi, o cümlədən də bizim…

M. Mərdanovun gedişindən sonra təhsilimizin başına gələn (gətirilən) nazirlərin heç biri xüsusi nə iləsə yadda qalma(yıb)dı. Emin Əmrullayevdən gözləntilər çox olsa da, hələ ki, bunun şahidi olmuruq. Bununla bağlı azmedia.info.az-a daxil olan məlumata görə az öncə 743 müəllimin sertifikasiya imtahanından keçə bilməyib də əmək müqavilələrinə xitam verilməsi, ictimaiyyətin təzyiqindən sonra onlara bir il möhlət verilməsi dediklərimizin təsdiqidi.

İllərlə ali təhsil ocaqlarında bilik alan müəllimin yenidən test edilməsi, biliklərinin yoxlanılması hansı məntiqə sığır? Deməli ya o təhsil ocağı müəllim üçün kifayət olan bilikləri aşılamayıb, ya da “gələcək” müəllim öhdəsinə düşənlərə  başdan sovdu yanaşıb. Bütün hallarda, “günah keçisi” olmaq müəllimin payına düşür. Halbuki, ali təhsil müəssisələrinin borcudu- cəmiyyətə savadlı, bilikli, yorulmaz, ləyaqətli kadr-müəllimlər təqdim etmək…

Bu yazıda əslində 2023-cü il üçün dövlət büdcəsindən (1.1.1.32, 1.1.1.33 maddələr üzrə)  təsnifata uyğun, təkcə  xidmət sahəsi  üzrə Elm və Təhsil nazirliyinə ayrılmış milyonlarla manatdan bəhs edəcəkdik. Amma müəllim adı gələndə istər-istəməz dərinliklərə baş vurmalı olursan…

Vurğuladığımız kimi, 2023-cü il üçün xidmət üzrə Elm və Təhsil nazirliyinə 27 milyon 150 min manat ayrılmışdır. Qəribədir ki, bu qədər vəsaitin   hara və necə xərcləndiyinin hesabatını kimsə  aparmayıb…

Görən bu puldan  ən ucqar bölgəmizin ən ucqar kənd məktəbinin hansı laboratoriyasında sınaqlar keçirilib? Bəlkə keçirilib və indiyədək elmə məlum olmayan yepyeni  ixtiralardan xəbərimiz yoxdu? Təbii ku, suallar çoxdu və cavabların  başında dayanan E. Əmrullayevə ünvanlanası o qədər başqaları da var ki…

Deyə bilərik ki, nazirliyin öhdəliyi yoxdu müxtəlif sahələr üzrə ayrılan pulların hesabını verməyə. Əstəğfürullah, razıyıq, bəs onda il boyunca təhsilimizdə (bütün kateqoriyalar nəzərdə tutulur) hansı yeniliklər oldu, hansı tələbəmizin, şagirdimizin, alimimizin əldə etdiyi nailiyyətlərdən ağızdolusu danışıldı? Əlbəttə, bu haqda danışmağın mənası yoxdu, necə deyərlər, görünməyən kəndə bələdçi lazım deyil…

Elm və təhsildə şəffaflığın təmin olunmasını sübut etmək üçün ayrılan vəsaitlərin hesabatını vermək nazirliyin, onun başında duran rəhbərin vəzifə borcu olduğunu xatırlatmağa lüzum varmı?

Biz hələlik Elm və Təhsil nazirliyinin bir sahəsi üzrə büdcədən ayrılan kiçik bir vəsaitdən bəhs etdik. Araşdırma aparsaq, digər sahələr üzrə nələrin olduğunu, “talançılığın” hansı zirvədən boy göstərdiyini aydınlatmaq su içimi kimi bir şeydir…

Ələddin Rüstəmli

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bizimlə əlaqə saxlayın