Müəllimlər bunu etməklə şagirdlərin hüquqlarını pozur - AÇIQLAMA

22, 01, 24
17:30

Müəllimlər bunu etməklə şagirdlərin hüquqlarını pozur - AÇIQLAMA

Türkiyə Təhsil Nazirliyi məktəblilərlə bağlı yeni qərar qəbul edib. Qərara əsasən, şagirdlərə tətillərdə dərs tapşırıqlarının verilməsi qadağan olunub.

Azərbaycanda da tətil müddətində bəzi müəllimlərin şagirdlərə çox sayda tapşırıq verməsini nəzərə alsaq, bənzər qərarın ölkəmizdə də tətbiq olunması məsələsi gündəmə gəlir. 


Mövzu ilə bağlı "Azərbaycan Reallığı"na danışan təhsil eksperti Elşən Qafarov hesab edir ki, azyaşlılara tətillərdə dərs tapşırığı verilməsi, onların hüquqlarının pozulmasıdır.

Onun sözünə görə, bunun nəticəsində məktəblilərin çox yüklənməsi, onların təhsildən yayınmasına səbəb ola bilər: 

"Tətillər dərs ilinin müddəti haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarı ilə tənzimlənir. Qarşıdan növbəti qış tətili gəlir. 27-31 yanvar tarixlərini əhatə edir və tətil dövründə şagirdlərə hər hansı bir ev tapşırığının verilməsi doğru deyil. Bu, onların tətil hüququnun pozulmasıdır. Tətil ona görə verilir ki, həmin müddət ərzində şagirdlər istirahət edə bilsinlər. 


Müəllimlərin tətil dövründə ev tapşırığı verməsi və yaxud da bəzi valideynlərin tətil dövründə də uşağı repetitor yanına göndərməsi, uşağın həm fizioloji, həm də psixoloji cəhətdən yüklənməsinə gətirib çıxarır. Nəticə etibarilə sonradan təhsil almasında böyük çətinliklər yaradır. Bu məsələyə valideynlər də, şagirdlər də xüsusi diqqət yetirməlidirlər. Tətil dövründə müəllim ən yaxşı halda mütaliə üçün tapşırıq verə bilər ki, uşaq tətili daha əyləncəli və səmərəli keçirsin, həm də mütaliə etmiş olsun. 


Eyni zamanda tətil dövründə valideynlər övladlarını açıq havaya, onların əylənə biləcəyi məkanlara, rayonlara aparması daha doğru olardı. İstənilən halda tətil dövründə ev tapşırığının verilməsi yolverilməzdir. Çox təəssüf ki, bu məslədə valideynlərlə bəzi müəllimlərin fikirləri üst-üstə düşür. Valideyn fikirləşir ki, övladına nə qədər çox dərs verilərsə, bu, daha effektiv olar. Məsələ də odur ki, burada uşağın nə psixoloji, nə də fizioloji durumu nəzərə alınır. 


Tətil şagirdlərin enerjisinin bərpası və istirahəti üçün ayrılmış zamandır. Tətildə dərs verməklə biz şagirdin istirahət hüququna mane olmaqla yanaşı, normadan çox yüklənməsinə səbəb oluruq.  Bu da sonrakı mərhələdə uşağın təhsildən yorulmasına və təhsilin onun üçün bezdirici olmasına gətirib çıxarır. Bu, mütləq nəzərə alınmalıdır".


Bizimlə əlaqə saxlayın