Onlar barışdılar, faydasını şagirdlər gördü - 14 nəfərin 300 bal yığmasının şok səbəbi

03, 04, 24
14:30

Onlar barışdılar, faydasını şagirdlər gördü - 14 nəfərin 300 bal yığmasının şok səbəbi

Martın 3-də keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən, 14 nəfər maksimum nəticə göstərərək, 300 bal toplayıb. Bu nəticələr açıqlanandan sonra ortaya bir sıra iddialar atıldı. Bildirildi ki, ötən illərdə Dövlət İmtahan Mərkəzi imtahanlara tədris proqramına aid olmayan suallar salırdı. Buna səbəb isə qurumun sədri Məleykə Abbaszadə ilə Elm və Təhsil naziri Emin Əmrullayev arasında yaşanan müəyyən anlaşılmazlıqlar olub. Ancaq təhsil ekspertləri və cəmiyyət DİM-i kəskin şəkildə qınadıqları üçün bu il həmin problem nisbətən də olsa, aradan qaldırılıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, sözügedən iddialar haqqında rəy bildirən təhsil eksperti Məzahir Məmmədli bu barədə “Yeni Sabah”a danışıb: 

“Dövlət İmtahan Mərkəzi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əsasında formalaşıb. TDQK Azərbaycan müstəqil olandan sonra sovetin mürtəce imtahan sistemindən qurtulmaq üçün yaradıldı. Bu sistem 4-5 il ərzində nəzərdə tutulmuşdu. Daha sonra müəyyən islahatlar aparılması şərti ilə dünya təcrübəsi əsasında inkişaf etdirilməli idi. Təəssüflər olsun ki, Dövlət İmtahan Mərkəzi 32 il ərzində heç bir islahat aparmadı. Son 2-3 ildə əlavə bir neçə dəyişiklik oldu ki, bu da abituriyentlərin işinə ancaq mane oldu. Başqa bir məsələ də odur ki, Azərbaycanda 2008-ci ildən etibarən kurikulum sistemi tətbiq edildiyi üçün DİM fəaliyyətini həmin dövlət proqramına uyğunlaşdırmalı idi. Lakin DİM neçə illərdir ki, Elm və Təhsil Nazirliyi ilə konfliktdə olub. Bu bir növ bəlkə də ona hesablanmışdı ki, təhsil aşağı səviyyədə təqdim olunsun. Amma DİM-in şərtləri o qədər ağır oldu ki, artıq hər il qəbul imtahanından sonra xaricə üz tutan abituriyentlər ixtisaslaşmış kadr olaraq ölkəyə qayıtdılar. Hazırda isə onlar dövlətin müəyyən yüksək vəzifə tutan nümayəndələridir. Bu məsələnin bir tərəfidir. Ancaq təbii ki, uzun qınaqlardan sonra sözügedən qurum başa düşdü ki, imtahan sualları ilə kurikulum sistemi arasında uyğunluq olmalıdır. Nəticə isə göz qabağındadır. Martın 3-də keçirilən imtahanda 14 nəfər maksimum bal toplayıb. Növbəti imtahanlarda da yüksək nəticələr gözlənilir. Bu dəyişiklik cari ilin qəbul şərtlərinə öz təsirini göstərəcək. Normalara uyğunlaşdırılan sualların və yüksək bal toplayan abituriyentlərin hesabına bu il universitetlərdə də balların qalxması gözlənilir”. 

Ekspert qeyd edib ki, problemin aradan qalxması nəticəsində artıq bir sıra bölgələrdən də yüksək nəticə göstərən şagirdlərin sorağını duya biləcəyik:

“Uzun müddətdir ki, yüksək bal toplayan şagirdlərin əksəriyyəti Bakı şəhərini əhatə edən məktəblərdən idi. Bu da ondan irəli gəlirdi ki, Dövlət İmtahan Mərkəzinə bağlı xüsusi təhsil kursları mövcud idi. Bu qurumda imtahan bileti suallarını hazırlayan müəllimlərin hamısı həmin kurslarda fəaliyyət göstərirdi. Ancaq indiki nəticələrdə yüksək nəticə göstərən 14 nəfərdən 6-sı region məktəbinə aiddir”. 

Məzahir Məmmədli məsələ ilə bağlı vacib bir təklif də irəli sürüb: 

“Təklif edirəm ki, Dövlət İmtahan Mərkəzi sadəcə imtahanların keçirilməsində iştirak edən qurum olaraq fəaliyyətini davam etdirsin. Bu müəssisə eyni zamanda test bankını hazırlayan bir qurum ola bilməz. Test bankını hazırlayan qurum fərqli olmalıdır. Ya Elm və Təhsil Nazirliyinin özü tədris etdiyi proqrama uyğun bunu hazırlayıb təqdim etməlidir, ya da ayrıca bir qurum yaradılmalıdır ki, test toplusunu hazırlayıb, DİM-ə imtahanların keçirilməsi üçün təqdim etsin. Ancaq bütün bunların hamısı hazırda DİM-in öhdəliyindədir. Hələ bu qurumun ayrıca dərs vəsaitləri də mövcuddur. Bu da öz növbəsində şagirdlər arasında rəqabətliliyi pozur. Məzun Dövlət İmtahan Mərkəzinin vəsaitlərindən yararlana bilmədikdə müvafiq nəticəni göstərə bilmir. Bu da ayrıca bir problemdir”. 

Bizimlə əlaqə saxlayın