Məhkum anası DİN-ə müraciət etdi- "Sizin ədalətinizə sığınıram..."

10, 04, 25
12:00

Məhkum anası DİN-ə müraciət etdi- "Sizin ədalətinizə sığınıram..."

2 il öncə narkotik ittihamı ilə həbs edilən Anar Əliyevin anası Eminova Aybəniz Mustafa qızı DİN rəhbərliyinə müraciət ünvanlayıb. O, oğlunun günahsız olduğunu və işinə yenidən baxılmasını xaiş edib. Müraciəti olduğu kimi təqdim edirik:
"Mən, Aybəniz Eminova Mustafa qızı, oğlum Anar Əliyev Elmar oğlu ilə bağlı ictimaiyyətə müraciət edirəm.
Oğlum uzun müddətdir ki, günahsız yerə həbsdə saxlanılır və işləmədiyi cinayətə görə təzyiqlər davam edir.
"Azərbaycan Reallığı" xəbər verir ki, Anar Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-1-ci maddəsi ilə (3i ildən 8-ilə qədər cəza gözlənilir ) ittiham olunaraq həbs edilib. Onun həbs edən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı mayor Nağıyev Bəylər Nizami oğludur. Qeyd edim ki, bu şəxs özü də daha sonra narkotik vasitələrlə bağlı həbs olunub. 
Oğlumun şəxsi həyatı ilə bağlı yaranmış münaqişədən istifadə edərək yoldaşının keçmiş əri tərəfindən ona təzyiq edilib. Belə ki, həyat yoldaşının birinci əri tərəfindən davamlı təzyiqlər və böhtanlar nəticəsində polis Anarı dəfələrlə yoxlamalara cəlb edib.
 19 aprel 2022-ci il tarixində narkoloji dispanserdə müayinədən keçmiş və tam təmiz çıxmışdır. Lakin 9 noyabr 2022-ci ildə hamama gedərkən saxlanılıb, evində axtarış aparılıb, gecə saatlarında Abşeron Rayon Polis İdarəsinə aparılıb. O, faktiki olaraq gecə saatlarında saxlanılsa da, həbs sənədləri əvvəlki tarixlə hazırlanıb.
Ən ağır və dəhşətli hal isə budur ki, Anar Əliyev həbs edildikdən tam 2 ay sonra, Gömrük Komitəsinin əməkdaşları Bakı İstintaq Təcridxanasında onun yanına gedərək külli miqdarda narkotikin ona aid olduğunu iddia ediblər. Bu, tamam başqa işdən götürülmüş səs yazısı və saxta sənədlərlə ona aid edildiyi bildirilib. Hətta bu səs yazısının oğluma aid olmadığı dəfələrlə bildirilmiş, anası olaraq mən də bu səsi tanımadığımı demişəm. Bu səs yazısı birbaşa oğlumun öz təşəbbüsü və istəyi ilə fonoskopik ekspertizaya göndərilib ki, səsin ona aid olmadığı sübut olunsun. Lakin buna baxmayaraq, fonoskopik ekspertiza nəticəsi manipulyasiya edilərək, səsin guya oğluma aid olduğu barədə rəy verilib.
Məhkəmə ekspertlərinin və dövlət vəkillərinin ifadələri arasında ciddi ziddiyyətlər olsa da, bunların heç biri obyektiv şəkildə araşdırılmayıb. Hakim oğlumun qanuni tələblərini dəfələrlə rədd edib, şahidlərin çağırılması və saxta sənədlərin araşdırılmasına imkan verməyib.
Bütün bu faktlar və sübutlar göstərir ki, oğlum günahsızdır. Bu təkcə bir ailənin faciəsi deyil, bu ölkədə insan hüquqları və hüquq sisteminin durumuna güzgü tutan bir ədalətsizlik simvoludur.
Bir ana kimi Ali Baş Komandan, prezident İlham Əliyev cənablarına, vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya, Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova, Ədliyyə Naziri Fərid Əhmədova, Baş Prokuror Kamran Əliyevə üzümü tutaraq xaiş edirəm, bu iş nəzarətə götürülsün və əgər dövlət tərəfindən nəzarət edilərsə oğlumun günahsız olduğu sübut ediləcək. Hörmətli Vilayət Eyvazov cənabları, sizin ədalətinizə və Kamran Əliyev cənablarının obyektivliyinə arxalanaraq bir ana kimi sizdən xaiş edirəm, günahsız bir gəncin həyatı məhv edilir.
Oğlumun səsini eşidin.
Hörmətlə: Aybəniz Eminova Mustafa qızı"

Bizimlə əlaqə saxlayın