"Çinar Trans" MMC-nin sürücüsü vətəndaşı KOMAYA SALIB, 8 AYLIQ YATAQ XƏSTƏSİ EDİB

22, 11, 23
17:00

"Çinar Trans" MMC-nin sürücüsü vətəndaşı KOMAYA SALIB, 8 AYLIQ YATAQ XƏSTƏSİ EDİB


Hilal Bağırov: "81 nömrəli avtobusun sürücüsü məni vurdu, sonra heç nə olmamış kimi çıxıb getdi, aldığım zərbədən komaya düşmüşəm, 8 ay yataqda qalmışam, ayağım 7 yerdən qırılıb, başımdan ağır travma almışım, gözlərim görməyib"

"Ölümdən dönmüşəm, xəstəxanada 10 min manatdan artıq xərcim çıxıb, amma şirkət mənə vurduğu ziyanı ödəmir, deyirlər ki, marşrut xəttinin sahibi sabiq nazirlərdən birinin qardaşı oğludur və hazırda polis orqanlarında çalışır, buna görə də ona "gözün üstə qaşın var" deyən yoxdur"

Paytaxtın Nərimanov rayon sakini Hilal Adil oğlu Bağırov fevral ayının 17-də "Neapol" dairəsində 81 nömrəli avtobusun sürücüsünün onu vurduğunu və heç nə olmamış kimi çıxıb getdiyini bildirib.

"Azərbaycan Reallığı" qeyd edir ki, Hilal Bağırovun sözlərinə görə, avtobus onu vurduqda huşunu itirib, komaya düşüb və 8 ay müddətinə yataqda qalıb: "Həmin tarixdə mən "Neapol" dairəsinə ət almağa getmişdim. Lakin 81 nömrəli avtobus sürücü məni vurdu və sonra çıxıb getdi. Qəssabların köməyi ilə təcili tibbi yardım çağırılıb və məni xəstəxanaya aparıblar. Aldığım zərbədən komaya düşmüşəm, 8 ay yataqda qalmışam. Ayağım 7 yerdən qırılıb, başımdan ağır travma almışım, gözlərim görməyib. Şükürlər olsun ki, müalicə nəticəsində bu gün gözlərim görür, ancaq hələ də sərbəst hərəkət edə bilmirəm, həsa ilə yeriyirəm. Çünki ayağımı yerə tam qoya bilmirəm".

 
Şikayətçi qeyd edib ki, hadisədən sonra nə 81 nömrəli avtobus sürücüsü, nə də marşrut xəttinin sahibi olan şirkət rəsmilərindən ona baş çəkən, səhhəti ilə maraqlanan olub: "Deyirlər ki, 81 nömrəli marşrut xəttinin sahibi sabiq nazirlərdən birinin qardaşı oğludur və hazırda polis orqanlarında çalışır. Buna görə də ona "gözün üstə qaşın var" deyən yoxdur. Nəzərinizə çatdırım ki, komada olduğum, 8 ay xəstəxanada qaldığım müddət ərzində, borc-xərc tapıb müalicəmə ümumilikdə 10 min manatdan artıq pul xərcləmişəm. Yəni, bu məbləğ 81 nömrəli marşrutun sahibi olan şirkətin mənə vurduğu maddi ziyandır. Təbii ki, məsələnin mənəvi tərəfi də var. Lakin onlar komada olduğum, müalicə aldığım müddətdə bir dəfə də olsun mənə baş çəkməyib, vəziyyətimlə maraqlanmayıblar. Artıq 2 aydır ki, xəstəxanadan çıxmışam, evdə müalicəm davam edir. Onu da qeyd edim ki, müvafiq qurumlara müraciət etdikdən, həmçinin məsələni mətbuat vasitəsiylə ictimailəşdirəcəyimi bildirdikdən sonra şirkətin Vidadi adlı nümayəndəsi gəlib dedi ki, kimə, hara müraciət edirsənsə et, bizim sənə nəsə verəcək, kömək edəcək halımız yoxdur. Sonra dedilər ki, avtobus sürücüsünün 2 aylıq maaşını veririk sənə və bu işi bağlayırıq. Bildirdim ki, ölümdən dönmüşəm, xəstəxanada 10 min manatdan artıq xərcim çıxıb. Şirkət nümayəndələri ikinci dəfə gələn isə "rəhbərlik deyib ki, 1000 manatla bu işin başını balayın", deyə bildirdilər. Razılıq vermədikdə gediblər və hələ də mənə dəymiş ziyan ödənilməyib. Daha sonra öyrəndim ki, avtobusun icbari sığortası olmayıb. Eyni zamanda, onu da öyrəndim ki, guya mən xəstəxanada olarkən şirkətdən mənə yardım olunub. Halbuki, heç kimdən yardım almamışam. Bu, onu deməyə əsas verir ki, şirkət rəhbərinin başıma açılan oyundan xəbəri yoxdur, ya da onu aldadıb yalan məlumat veriblər. Buna görə də ümid edirəm ki, şirkət rəhbəri hadisənin əsl mahiyyətindən xəbər tutduqdan sonra mənə dəymiş ziyanın ödənilməsini, zərərimin qarşılanmasını təmin edəcək".

Beləliklə, Hilal Bağırov Hurriyyet.az vasitəsiylə müvafiq qurumlara müraciət edir, onlardan pozulmuş hüquqlarının bərpa olunmasında, 81 nömrəli marşrutun sahibi olan şirkət tərəfindən ona dəymiş ziyanın ödənilməsində yardım etmələrini xahiş edir.

Hurriyyet.az

Qeyd: Apardığımız kiçik araşdırma nəticəsində 81 nömrəli marşrut xəttinin "Çinar Trans" MMC-nin istismarında olduğu aydınlaşdı. Odur ki, həm sözügedən şirkət, həm də onun sahibi olduğu deyilən sabiq nazirin qardaşı oğlu haqda ətraflı bilgi əldə etməyə çalışacağıq.

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Bizimlə əlaqə saxlayın