"Broyler" toyuqları bir aya belə şişirdilir: övladlarınızı ondan uzaq tutun

13, 12, 23
09:30

"Broyler" toyuqları bir aya belə şişirdilir: övladlarınızı ondan uzaq tutun

"Süni şəkildə şişirdilən toyuqlara kimyəvi preparatlar vurulduğu üçün insan orqanizminə təhlükə yaradır".

Bu sözləri "Azərbaycan Reallığı"na açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, satışda olan toyuqların əskəriyyəti "broyler" toyuqları kimi tanınan və süni şəkildə tez bir zamanda yetişdirilən toyuqlardır.


Mütəxəssis deyir ki, bu toyuqların tez bir zamanda çəki alması və eyni zamanda müəyyən xəstəliklərdən qorunması üçün kimyəvi preparatlardan, antibiotiklərdən və hormonal dərmanlardan istifadə olunur: "Bu kimyəvi preparatlar isə toyuq əti vasitəsilə insan orqanizminə keçə bilir. "Broyler" toyuqları normalda 3-4 aya alacağı çəkini 1 ay ərzində əldə edə bilir. Bəzi hallarda isə toyuğun daha artıq çəkili olması üçün onlara su vasitəsilə müdaxilə olunur. Su toyuğun daxilinə və ya qablaşmasına əlavə edilir".


Məhsəti Hüseynova vurğulayıb ki, xüsusən də hormonal dərmanlardan çox istifadə olunması erkən yaşlarda "broyler" toyuqlarından yeyən insanlarda cinsi yetişkənliyi sürətləndirir: "Bu isə uşaqların bir sıra xəstəliklərə yoluxmasına səbəb olur. Bu xəstəliklərə əsasən diabet, artıq çəki və vitamin çatışmazlığı daxildir. Həmin uşaqların sağlam orqanizmi olmadığına görə gələcəkdə sonsuzluq problemi yaşanır və ya dünya gələn uşaqda müəyyən xəstəliklər aşkarlanır". 


Ekspert bildirib ki, toyuğun saxlanma şəraitində düzgün temperatura əməl olunmadıqda xarab olur. Bu qidanın faydalarına da toxunan mütəxəssisin sözlərinə görə, toyuq əti ən tez həzm olunan və zülal tərkibli ətdir: "Bu ət insan orqanizmi üçün də faydalıdır. Ona görə də istifadəsi tövsiyə olunur. Lakin yaxşı olar ki, təbii şəraitdə yetişdirilən toyuq ətinə üstünlük verilsin". 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, "broyler" toyuqlarının yetişdirilməsində intensiv yemləmədən istifadə olunur. 


O söyləyib ki, "broyler" toyuqlarının yetişdirildiyi fermalarla bağlı problemlər hər bir ölkədə yaşanır: "Bu problem ölkəmizdə də mövcuddur. Əgər ölkədə "broyler" toyuqlarının yetişdirilməsini  tədqiq edən laboratoriyalar varsa, bu tədqiqlərinin nəticələri gizli saxlanılır. Ölkəmizdə "broyler" toyuqlarının GMO məhsullarla yemlənməsinə icazə verilib. Bu isə təəssüf doğurur. Yəni "broyler" toyuqlarının yetişdirilməsində bütün üsullardan istifadə olunur. Bu, istehlakçı hüquqlarının pozulmasıdır".


AİB sədri istehlakçılara müraciət edərək toyuq əti alarkən maksiumum diqqətli olmağı tövsiyə edib. O, istehlakçıları dondurulmuş toyuqlara üstünlük verməyə çağırıb: "Eyni zamanda kiçik həcmli toyuqları almaq təhlükəlidir. Çünki bu toyuqlar bir çox hallarda kütləvi surətdə qırılan toyuqlardır". 


Bizimlə əlaqə saxlayın