Yeni ildə eyvanda atəşfəşanlıq etməyi planlayanların nəzərinə - ÇAĞIRIŞ

30, 12, 23
10:00

Yeni ildə eyvanda atəşfəşanlıq etməyi planlayanların nəzərinə - ÇAĞIRIŞ

“Hər il Yeni il ərəfəsində pirotexniki vasitələrdən düzgün istifadə etmədiyinə görə dünyada və ölkəmizdə yüzlərlə insan yanıq və müxtəlif dərəcəli bədən xəsarətləri, travmalar alır. Bundan əlavə, binaların, mənzillərin yanğın təhlükəsizliyi məsələsi risk altına düşür. Çünki hər il pirotexniki vasitələrdən istifadə nəticəsində yüzlərlə yanğın hadisəsi qeydə alınır. Bir çox hallarda azyaşlılar tərəfindən zarafat məqsədi ilə pirotexniki vasitələrdən, fişənglərdən, xüsusi partlayıcı maddələrdən istifadə olunur. Bu da, təbii ki, çox təhlükəlidir. Çünki birbaşa insan həyatı təhlükə altına düşür. Düzgün istifadə edilmədiyi hallarda isə qəzalar qaçılmaz olur. Statistikaya nəzər salsaq, görərik ki, uşaqlar bir-biriləri ilə bu cür məsiliyyətsiz zarafatları ucbatından müxtəlif dərəcəli bədən xəsarətləri alırlar”.
 
Bu sözləri "Azərbaycan Reallığı"na açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekpsert Orxan Musayev deyib.

Orxan Musayev: Baş verən bədbəxt hadisələrin müxtəlif səbəbləri var. »  Djb.az
Ekspert bildirib ki, Prezident İlham Əliyevin “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2015-ci il tarixli Fərmanına əsasən, ölkədə pirotexniki məmulatların mülki dövriyyəi məhdudlaşdırılıb: “Bu məmulatların dövriyyəsinə Fövqəladə Hallar Nazirliyinin xüsusi icazəsi əsasında yol verilə bilər. Pirotexniki məmulatlar təhlükəsizlik üzrə 5 kateqoriyaya bölünür. Birinci sinif 0,5 metr radiusu, ikinci sinif 5 metrə qədər, üçüncü sinif isə 20 metrə qədər radiusu əhatə edir. Dördüncü və beşinci kateqoriya isə xüsusi təyinatlı hesab olunur. Ümumiyyətlə, xüsusi icazə ilə satılan pirotexniki vasitələr yalnız bu icazəyə malik olan şəxslər, yaxud sahibkarlar tərəfindən satıla bilər. Bu məhsulların mütləq sertifikatı olmalıdır. Mənsub olduqları kateqoriya, istehsalçı barədə məlumatlar, istifadə qaydaları və müddəti, istehsal olunma tarixi mütləq pirotexniki məmulatların etiketi üzərində qeyd olunmalıdır. Məhsulun sertifikatı mütləq üzərindəki kateqoriyaya uyğun olmalıdır. Xüsusi icazə verilən pirotexniki vasitələrdən istifadə edərkən əməl edilməsi vacib olan bir sıra qaydalar da mövcuddur. Bu cür vasitələrdən yaşayış binalarının yaxınlığında, əsasən də insanların çox toplaşdıqları yerlərdə, yanğın riski böyük olan yerlər və nəqliyyat vasitələrinin yaxınlığında, eyni zamanda qapalı məkanlarda istifadə qəti qadağandır. Kustar üsulla düzəldilmiş pirotexniki məmulatların da istifadəsi qəti qadağandır. Çünki hər bir pirotexniki vasitənin sənədləri, lisenziyası olmalıdır. Bu vasitələrdən yalnız xüsusi təlimatlara uyğun istifadə oluna bilər. İstifadə edərkən isə mütləq tam təhlükəsiz məkan seçilməlidir”.
 
O.Musayev bildirib ki, pirotexniki vasitələrlə bağlı maarifləndirici və təbliğat xarakterli işlərin aparılmasına ehtiyac var: “Xüsusi video formatında, müvafiq dövlət orqanları tərəfindən hazırlanan xüsusi tablolarda, şəhərin müxtəlif yerlərində, televiziya kanallarında verilməlidir ki, insanlar maarflənsinlər, düzgün istifadə qaydalarını öyrənsinlər, yaxud istifadəsi icazəli olmayan pirotexniki vasitələrdən istifadə etməsinlər. Çünki insanlarımızda bununla bağlı yanlış düşüncə formalaşıb. Yeni il ərəfəsində hər kəs balkona çıxıb pirotexniki vasitələrdən istifadə edir. Ancaq qaydaların tələblərinə görə, balkonlarda bu cür vasitələrdən istifadə etmək qəti qadağandır. Çünki ətrafa çox ciddi təhlükə aşılayır. 16 yaşına qədər uşaqların pirotexniki vasitələrdən istifadə etmələrinə qətiyyən yol verilməməlidir. Bununla bağlı mütləq valideyn nəzarəti olmalı, mütəmadi məlumatlandırılmalıdırlar. İstifadəsi icazəli olan pirotexniki vasitələrdən istifadə zamanı yanğın və elektrik təhlükəsizliyi qaydaları ön planda olmalıdır. Yağışlı, qarlı, xüsusən də küləkli hava şəraitində istifadə etmək qətiyyən icazəli deyil. Çünki bu cür vasitələrin yayılma radiusu daha çoxdur. Pirotexniki vasitələrlə bağlı ölkəmizdə vahid qaydalar tənzimlənməlidir. Bu cür qaydaların hazırlanması, tənzimlənməsi beynəlxalq praktikaya əsaslanmalıdır. Bir sıra xarici ölkələrdə pirotexniki vasitələrin satışı, istifadəsi barədə qaydalar mövcuddur. Ölkəmizdə konkret olaraq bu cür vasitələrin satışı qadağan edilib, satış yalnız xüsusi icazə əsasında həyata keçirilə bilər. Buna görə də beynəlxalq norma və standartlara uyğun vahid qayda tərtib olunması vacibdir. Unutmaq lazım deyil ki, bir neçə qram çəkisi olan pirotexniki vasitə insana ciddi xəsarət yetirə, hətta insan ölümü ilə nəticələnə bilər. Təhlükəsizlik qaydalarına biganəlik bədbəxt hadisələrin baş verməsini qaçılmaz edir”.

Bizimlə əlaqə saxlayın