Qəbiristanlıqların əraziləri necə genişləndiriləcək?

19, 01, 24
16:30

Qəbiristanlıqların əraziləri necə genişləndiriləcək?

"Azərbaycan Reallığı" xatırladır ki, 2040-cı ilədək Bakıda qəbiristanlıq ərazilərinin genişləndirilməsi nəzərdə tutulur.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əhali artımını nəzərə alaraq qəbiristanlıq ərazilərinin təqribən 130 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılacağı qeyd olunub.


Baş Plan çərçivəsində əhalinin hər 1000 nəfərinə 0,24 ha qəbiristanlıq sahəsi qəbul edilib ki, bu da beynəlxalq normalar üzrə adambaşına qəbul edilən sahəyə əsaslanır.


Ayrılan sahə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd edilən normalarla uyğunluq təşkil edir.


Planda nəzərdə tutulan dəyişiklikdən sonra paytaxt sakinlərində hansı qəbiristanlıqların ərazilərinin genişləndirməsi sual doğurub. Çünki Bakıda bəzi qəbiristanlıqlarda boş, istifadə edilməmiş yer çox azdır. Buna görə də, qəbiristanlıqların hansı ərazilər hesabına böyüdüləcəyi maraq doğurur.


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib ki, təkliflər bələdiyyələr tərəfindən verilir:


“Bu işlərə artıq bələdiyyələr baxır. Qəbiristanlıq ərazilərinin genişləndirməsi də, başqa təkliflər də bələdiyyələr tərəfindən verilir. Paytaxtda, irili-xırdalı, təxminən 100 dənə qəbiristanlıq var, dəqiq sayını bilən yoxdur. Onun cəmi 31-i bizdəydi, indi 4-ü qalıb.


Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə biz qəbiristanlıqları bələdiyyələrə təhvil verməyə başladıq. Bizim trestə cəmi 4 qəbiristanlıq daxildir. Bunlar Şəhidlər Xiyabanları və Fəxri Xiyabanlardır”.


Qeyd edək ki, hazırda Bakı şəhərinin inzibati hüdudları daxilində qəbiristanlıqlar təqribən 800 ha ərazini əhatə edir. Bundan təqribən 702 ha aktiv qəbiristanlıq və ya xiyabanlar kimi istifadə olunur. Yerdə qalan təqribən 98 ha qəbiristanlıq ərazi aktiv istifadə olunmur və ehtiyat kimi nəzərdə tutulur.


Mövcud qəbiristanlıqlarda fəal istifadə olunmayan ərazilərin olduğunu nəzərə alaraq, növbəti iyirmi ilin tələbatını qarşılamaq üçün hazırki qəbiristanlıqların sahəsinin təqribən 32 ha genişləndirilməsi kifayət edəcək.

Bizimlə əlaqə saxlayın