Tikinti şirkətinə “krışalıq” etmək üçün 54 mənzilli binanın 26 mənzilini ələ keçirdilər - VASİF TALIBOV VƏ BƏYLƏR EYYUBOVUN QOHUMLARI HAQDA ŞOK İTTİHAMLAR

11, 04, 23
11:00

Tikinti şirkətinə “krışalıq” etmək üçün 54 mənzilli binanın 26 mənzilini ələ keçirdilər - VASİF TALIBOV VƏ BƏYLƏR EYYUBOVUN QOHUMLARI HAQDA ŞOK İTTİHAMLAR


Vasif Talıbovun Dövlət Vergi Xidmətində çalışan qohumu Natiq Əliyev və iş ortağı, Bəylər Əyyubovun qohumu Mahir Xudiyev iş adamına təzyiq göstərirlər

"Azərbaycan Reallığı" xəbər verir ki, Bakı şəhər sakini Hüseynova Alidə Bəhman qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, qardaşı Namazov Tapdıq Bəhman oğlu 2018-ci il sentyabr ayının 1-də qanunsuz olaraq 10 il müddətinə həbs olunub və artıq 5-ci ildir türmədədir. Onun sözlərinə görə, bir müddət sonra eynilə qardaşı oğlu Namazov Emin Tapdıq oğlu da qondarma ittihamlarla azadlıqdan məhrum olunub və 3 illik məhbəs həyatından sonra, təxminən 1,5 il əvvəl azadlığa çıxıb.

Alidə Hüseynova deyir ki, qardaşının və qardaşı oğlunun qanunsuz həbsində keçmiş Vergilər Nazirliyinin, indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Mahir Xudiyev və Natiq Əliyev günahkardırlar. Yeri gəlmişkən, N.Əliyevin hazırda Dövlət Vergi Xidmətinin Nərimanov filialında çalışdığı bildirilir...

Şikayətçi xanımın məlumatına görə, qardaşı oğlu Emin Namazov “OMAKS-3” Mənzil-Tikinti Kooperativinin təsisçisidir. “OMAKS-3” MTK 2008-ci ilin 5 fevral tarixində Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınıb və E.Namazov şirkətin təsisçisi və direktoru təyin edilib. Tapdıq Namazovun isə bu şirkətlə heç bir rəsmi əlaqəsi olmayıb, heç bir maliyyə arayışında adı keçməyib. Onun həbsinə səbəb, sadəcə, Emin Namazovun atası olması olub.

Alidə Hüseynova bildirir ki, Bakı şəhəri İcra Hakimiyyətinin 26.04.2012-ci il tarixli, 170 saylı sərəncamı ilə “OMAKS-3” MTK-ya Yasamal rayonu, A.Salamzadə küçəsi 593-cü məhəllədə 1 girişli, 10 mərtəbəli, 54 mənzildən ibarət yaşayış binası tikməyə icazə verilib. Binaya sərəncam alanda artıq onun üç yerüstü mərtəbəsi inşa edilib və 2012-ci ilin sərəncamı ilə sadəcə torpağın təyinatı dəyişdirilib, yaşayış binası olub.

Qeyd edək ki, Emin Namazovun atası Tapdıq Namazov da sahibkar olub, uzun illər ərzində çoxlu sayda müəssisələr qurub, yüzlərlə Azərbaycan vətəndaşını işlə təmin edib və heç bir zaman kiməsə qarşı haqsızlıq etməyib. Sonradan o, bir sahibkar kimi Vergilər Nazirliyində işləyən, özlərini Prezident İlham Əliyevin və Prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubovun yaxın qohumu kimi təqdim edən Əliyev Natiq Əli oğlu və Xudiyev Mahir Bilman oğlunun Emin Namazova məxsus MTK-ya qurduğu oyuna düşüb. Bu oyun isə Natiq Əliyevin qardaşı Raiq Əliyevin əli ilə qurulub.

Tapdıq Namazov 

Belə ki, T.Namazovun 2011-ci ildən şərikli iş birliyində olduğu Raiq Əliyevə 80 000 (səksən min) manat borcu yaranıb. Bu məsələni “yoluna qoymaq” üçün qardaşı Natiq Əliyev və onun iş yoldaşı Mahir Xudiyev Tapdıq Namazovla əlaqə yaradıblar. Sahibkar borcunun əvəzinə Yasamal rayonu, A.Salamzadə küçəsi 593-cü məhəllədə oğlu Emin Namazovun tikdiyi binadan mənzil verə biləcəyini deyib. Tərəflər razılaşıb, 26 və 27 saylı mənzillər 102 500 manata Raiq Əliyevin adına sənədləşdirilib. 

Həmin vaxt M.Xudiyev və N.Əliyev binanın nə səbəbdən yarımçıq qaldığını soruşanda Tapdıq Namazov həm Vergilər Nazirliyindən, həm də Fövqəladə Hallar Nazirliyindən imkan verilmədiyini bildirib. Natiq Əliyevlə Mahir Xudiyev Emin Namazovun tikdiyi 54 mənzilli binanın 26 mənzilini (1.6 milyon manatlıq) onların, qohumlarının, yaxınlarının adına keçirmək şərtilə kömək edəcəklərinə, yəni tikintiyə “krışalıq” edəcəklərinə söz veriblər. Nəticədə onlar binanın hər m2-ni 470 manatdan yazdırmaqla, qohum-əqrabalarının, dost-tanışlarının adına tam ödəniş olduğunu göstərən maliyyə arayışları alıblar. Beləliklə, 2015-ci ildə 26 mənzil bir günün içində Mahir Xudiyev və Natiq Əliyevin qohumları arasında bölüşdürülüb.

Şikayətçi deyir ki, həmin mənzillər ümumilikdə 14 nəfərin adına rəsmiləşdirilib, bunlardan 7 nəfər M.Xudiyevin, digər 7 nəfər də N.Əliyevin qohumu olub. Onun sözlərinə görə, Natiq Əliyev Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qohumu, yəni həyat yoldaşınını dayısı qızı ilə evlidir. Bu səbəbdən də, “Naxçıvan xanı”nın qılıncının dalı da, qabağı da kəsən dönəmdə onun da hər yerdə, bütün rəsmi qurumlarda sözü keçib. Beləliklə, “OMAKS-3” MTK-ya “krışalıq” etməyin qarşılığında Yasamalda tikilən binanın 13 mənzilinə sahiblənib. Digər 13 mənzil də, yuxarıda qeyd etdiyimiz kimi, ortağı M.Xudiyevə çatıb.


A.Hüseynovanın sözlərindən belə anlaşılır ki, Vasif Əliyevin Naxçıvandakı hökmranlığı sona yetsə də, qohumu Natiq Əliyev hələ də müəyyən qurumlarda, hətta Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində söz sahibidir. Məhz bu səbəbdən, müstəntiq Ziyafət Quliyev vasitəsilə hələ də qardaşı oğlu Emin Namazova təzyiq göstərir, ona hədə-qorxu gəlir.


Şikayətçinin sözlərinə görə, T.Namazovun işi üzrə keçirilən Apellyasiya Məhkəməsi zamanı Natiq Əliyev qanunsuz yolla sahib olduğu evlərdən 3-nü (Onlardan biri qardaşının, ikisi isə əmisi oğlunun adınadır) yazılı ərizə ilə geri qaytarıb, yəni həmin mənzillərdən könüllü şəkildə imtina edib. Guya bununla Tapdıq Namazova göməklik etmək, dəymiş zərəri aşağı salmaq niyyətində olub. Buna baxmayaraq, o, indi həmin evləri geri almaq üçün müxtəlif yollarla Emin Namazova təzyiq göstərir. 


“Məhkəməyə özü ərizə təqdim etsə də, indi Eminə təzyiq göstərir ki, həmin mənzillər geri ver. O da deyir ki, özün məhkəməyə ərizə təqdim etmisən, indi niyə istəyirsən? Üstəlik də, hazırda məhkəmə gedir, hakim nə qərar versə, ona da əməl olunacaq. Lakin Natiq Əliyev evi ala bilmədiyi üçün yenidən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdirib. Özü isə Ziyafət Quliyevə göstəriş verib ki, Emini çağır, təzyiq elə, hədə-qorxu gəl”, - deyə A.Hüseynova bildirir.

Şikayətçi deyir ki, 05 yanvar 2017-ci il tarixində də Mahir Xudiyev və Natiq Əliyev A.Salamzadə küçəsi 593-cü məhəllədə yerləşən hündür mərtəbəli yaşayış binasının tam hazır olmadığını görərək, adlarına maliyyə arayışları yazdırdıqları şəxslərin adından kollektiv surətdə şikayət ərizəsi yazdıraraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Nəticədə bu qurumda T.Namazov barəsində cinayət işi açılıb və yekunda iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 


Orada isə hakim Samir İmamverdi oğlu Əliyev Tapdıq Namazovun vəkillərinin təqdim etdiyi sübutlara baxmayaraq, 26 avqust 2019-cu il tarixində onu 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bu hökümlə razılaşmayan Tapdıq Namazov 1-ci İnstansiya Məhkəməsinin hökmündən Apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib. Hazırda işə Ali Məhkəmədə baxılır. Alidə Hüseynova deyir ki, məhkəmənin ədalətli qərar verəcəyinə və istər qardaşı, istər də qardaşı oğlu barəsində qanunsuz çıxarılan hökmün qüvvədən düşəcəyinə inanır.

Hazırladı: KƏNAN


Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın