Ukrayna ordusu uğur qazandıqca RUSİYA DAXİLİNDƏ AZADLIQ MÜBARİZƏSİ GÜCLƏNƏCƏK

13, 06, 23
14:00

Ukrayna ordusu uğur qazandıqca RUSİYA DAXİLİNDƏ AZADLIQ MÜBARİZƏSİ GÜCLƏNƏCƏK


Məhəmməd Əsədullazadə: "Əgər Ukraynanın əks-hücum əməliyyatı uğurla davam edərsə, o zaman Azərbaycan bu ilin axırına kimi Xankəndidə üç rəngli bayrağımızı dalğalandıracaq"

Şahin Cəfərli: "Ukrayna komandanlığının məqsədi Rusiyanın Krıma açdığı quru dəhlizini bağlamaqdır"

Xaqani Cəfərli: "Ukrayanın qəti qələbəsi Rusiyanın taleyini həll edəcək, odur ki, Dərbənd başda olmaqla, şimal torpaqlarımızın işğaldan azad olunacağı gün yaxınlaşır"

Rusiya-Ukrayna savaşında son duruma dair verilən məlumatlarda qeyd olunur ki, Ukrayna hərbçiləri Donetsk vilayətinin Makarovka qəsəbəsini işğaldan azad edib, həmçinin Baxmut istiqamətində və cənubda irəliləyib. Bu barədə informasiya verən Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, Ukrayna ordusu müdafiə olunduğu istiqamətlərdə bir dənə də olsun mövqe itirməyib, Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir və Berxovski su anbarı ərazisində uğurlar əldə edib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda isə deyilir ki, rus hərbçiləri əsas səylərini Avdeyev, Baxmut, Marinsk və Liman istiqamətində cəmləşdirməkdə davam edir, orada ağır döyüşlər davam edir: "Düşmənin Avdeyevka istiqamətində hücum cəhdi uğursuz alınıb. Onlar Baxmut istiqamətində Belaya Qora və İvanovskiyə doğru irəliləməyə də uğursuz cəhd edib.

Marinka yaxınlığındakı ukraynalı əsgərlər işğalçıların bütün hücumlarını dəf ediblər. Liman istiqamətində son 24 saat ərzində düşmən Beloqorovka ərazisində uğursuz hücum əməliyyatları aparır. Baxmut istiqamətində də düşmən taktiki vəziyyəti yaxşılaşdırmağa cəhd edib". O da bildirilir ki, ruslar Baxmut yaxınlığında son bir həftə ərzində xeyli itki verib. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rostov vilayətindəki hərbi hospitala hər gün 50-dən çox rus əsgərinin ağır vəziyyətdə gətirildiyini də əlavə edib: "Xəstəxana həddən artıq doludur və kifayət qədər tibbi personalın olmaması səbəbindən ağır yaralılar arasında ölüm nisbəti yüksəkdir".

"Ukraynanın əks-hücum əməliyyatı uğurla davam edərsə, Arayik Arutunyan başının dəstəsi ilə Rusiya sülhməramlı qüvvələrinin kolonunda qaçmağa məcbur qalacaq"

Gördüyünüz kimi, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı artıq öz nəticəsini verməkdədir. Bu səbəbdən də həm yerli, həm də əcnəbi ekspertlərin fikrincə, Ukrayna ordusu bu templə davam edərsə, o zaman tezliklə Kremli danaşıqlar masasına oturtmaq və onun ciddi güzəştlərə getməsinə nail olmaq mümkündür. Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir ki, həm öz ölkəsinin, həm də regionun azadlığı uğrunda vuruşan Ukrayna əsgəri bu müharibədə qalib olacaq: "ABŞ Ukraynaya 40 milyard dollarlıq hərbi yardım ayırıb.

Ukrayna müdafiə olunur, Rusiyanın irəliləyişi kifayət qədər durdurulub. Amma hələ də dövlət sistemində korrupsiya qalmaqdadır. Qeyd edim ki, ABŞ bu pulu nağd şəkildə Ukraynaya ayırsaydı, o zaman Rusiya prezidenti Vladimir Putin çoxdan Kiyevi işğal etmişdi. Çünki Ukraynada sistem 30 ildir ki, korrupsiya və dövlət əmlakının talanmasında öncül yerlərdən biri olub. Ukraynalı məmurlar orduya ayrılan pulları kifayət qədər mənimsəyib. Düzdür, prezident Vladimir Zelenski təmizləmə işləri aparır, müəyyən dərəcədə korrupsiyanın qarşısını almağa çalışır.

Lakin buna baxmayaraq, Ukraynadakı sistem heç də ideal deyil. Bu səbəbdən də prosesi Vaşinqton idarə edir. Çünki Ukraynada məmur sistemi 30 ildir kriminal düşüncəyə malik olub. Hesab edirəm ki, bu, geopolitik müharibədir. Odur ki, həm öz ölkəsinin, həm də regionun azadlığı uğrunda vuruşan Ukrayna əsgəri bu müharibədə qalib olacaq".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da əlavə edib ki, əgər Ukraynanın əks-hücum əməliyyatı uğurla davam edərsə, o zaman Azərbaycan bu ilin axırına kimi Xankəndidə üç rəngli bayrağımızı dalğalandıracaq: "Yəni, bununla da qanunsuz silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatların keçirilməsi üçün şərait formalaşır. Silahlı separatçılar da təxribatlarını davam etdirir. Düşünürəm ki, əgər Ukraynanın əks-hücum əməliyyatı uğurla davam edərsə, o zaman Azərbaycan bu ilin axırına kimi Xankəndidə üç rəngli bayrağımızı dalğalandıracaq, Arayik Arutunyan başının dəstəsi ilə Rusiya sülhməramlı qüvvələrinin kolonunda qaçmağa məcbur qalacaq".

"Rusiya Xerson istiqamətindəki qüvvələrinin bir hissəsini Zaporojye cəbhəsinə göndərib, çünki müharibənin taleyi məhz bu istiqamətdə həll olunacaq"

Ukrayna ordusunun cəbhənin cənub-şərq - Donetsk-Zaporojye kəsişməsi və Zaporojye vilayəti istiqamətində irəliləməyə başladığını vurğulayan siyasi şərhçi Şahin Cəfərli isə bildirib ki, Rusiya Xerson istiqamətindəki qüvvələrinin bir hissəsini Zaporojye cəbhəsinə göndərib, çünki müharibənin taleyi məhz bu istiqamətdə həll olunacaq: "Rusiya hərbi rəhbərliyinə yaxın "telegram" kanalları bir sıra məntəqələri itirdiklərini etiraf etməyə başlayıblar. Halbuki, Ukrayna ordusunun cəbhə xətti boyunca kəşfiyyat döyüşlərinə başladığı ilk günlərdə bu kanallarda bayram əhval-ruhiyyəsi hökm sürürdü, çünki bir çox istiqamətdə ilk həmlələr uğurla dəf edilirdi və qarşı tərəf ciddi itkilər verirdi. Lakin kəşfiyyat əməliyyatları nəticəsində Rusiya artilleriyasının və digər atəş vasitələrinin "maskirovka" olunmuş mövqeləri Ukrayna tərəfindən müəyyən olunduqdan sonra Ukrayna ordusu artilleriya və reaktiv yaylım atəş vasitələri ilə non-stop rejimində onları sıradan çıxarmağa başlayıb.

Müdafiə olunan tərəf hücum edənlərdən heç də az itki vermir, ciddi itkilərə məruz qaldıqlarını rus hərbi blogerləri də yazır. Bunun nəticəsində Ukrayna ordusu bir neçə istiqamətdə düşmənin 1-ci müdafiə xəttini keçib. Lakin nəzərə almaq lazımdır ki, Rusiya bir ilə yaxındır Zaporojye istiqamətində müdafiəni möhkəmləndirməklə məşğuldur. Orada minalanmış sahələrdən, xəndək-səngər sistemlərindən ibarət 3 müdafiə xətti yaradılıb. Müdafiəni 58-ci Ümumqoşun Ordusu və Hava-Desant Qüvvələri həyata keçirir. Kaxovka HES-i partlatdıqdan sonra Rusiya Xerson istiqamətindəki qüvvələrinin də bir hissəsini Zaporojye cəbhəsinə göndərib. Bütün bunların səbəbi odur ki, müharibənin taleyi məhz bu istiqamətdə həll olunacaq".

Siyasi şərhçi hesab edir ki, Ukrayna komandanlığının məqsədi mühüm nəqliyyat qovşağı Melitopol şəhərinə və Azov sahilinə irəliləyərək Rusiyanın Krıma açdığı quru dəhlizini bağlamaqdır: "Bu vəzifəyə nail ola bilsələr, Rusiya ordusunun Krımdakı və Dneprin sol sahilindəki qruplaşması ilə Donbas qruplaşması arasında əlaqə kəsiləcək. Bu halda Krım və Xersonun cənubundakı Rusiya ordu hissələri operativ mühasirəyə düşmüş olacaq, Ukrayna ordusu heç şübhəsiz, Kerç körpüsünə növbəti dəfə zərbə endirəcəyi üçün həmin qüvvələrin logistika-təchizat imkanları aradan qalxacaq. Bu isə Krımın ya sülh danışıqları, ya da Rusiya razılaşmasa, hərb yolu geri alınmasının önünü açacaq. Məhz buna görə Zaporojye istiqaməti ölüm-dirim mübarizəsinə səhnə olmaqdadır. Döyüşlərin intensivliyi yüksələn xətlə gedəcək, hər iki tərəf ağır itkilər verir və verəcək. Ötən il Xarkov əməliyyatında olduğu kimi, Ukrayna ordusunun minimal itkilərlə sürətli hücumlarını gözləməyə dəyməz. Hazırda Ukraynanın strateji hücum əməliyyatının ilk mərhələsindəyik. Ukrayna komandanlığı əsas qüvvələrini hələ döyüşə daxil etməyib. Bu əməliyyat üçün formalaşdırılmış 40 briqadanın 10-15 faiziin əməliyyatlara cəlb olunduğu bildirilir. Bütün yay boyunca çox ağır döyüşlərin şahidi olacağıq".

"Rusiyada azadlıq mübarizəsi başlayır, müxalifət isə xalqı terrorçu rejimə qarşı etiraza çağırır"

Rusiyada azadlıq mübarizəsinin başladığını qeyd edən politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan "Başqırdlar" bölüyünün əsgərləri başqırdlara, tatarlara, qafqazlılara və digər xalqlara Rusiya imperiyasından xilas olmaq üşün azadlıq mübarizəsinə başlamaq çağırışı ilə müraciət ediblər: "Müraciətdə deyilir: "Ukrayna Silahlı Qüvvələri əks-hücuma və işğal olunmuş ərazilərin azad edilməsinə başlayıb. Ukraynanın qələbəsi Rusiya tərəfindən əzilən bütün xalqlar üçün azadlıq əldə etmək şansıdır. Rusiya imperiyasının mövcudluğuna tezliklə son qoyulacaq. Hərəkət etmək vaxtıdır, hər şey indi həll olunur!

Susmayın, qalxın, azadlığını üçün mübarizə aparın!" Başqırlarla yanaşı, tatarlar, çeçenlər, dağıstanlılar və Rusiya əsarətində yaşayan xalqların böyük əksəriyyətinin təmsilçiləri son günlər eyni məzmunlu çağrışlar edirlər. Rusiya müxalifəti də oxşar mövqedən çıxış edərək, xalqı terrorçu rejimə qarşı mübarizəyə çağırıb. Rusiyada partizan müharibəsi də güclənməkdədir. Xüsusilə qeyri-rusların əksəriyyət təşkil elədiyi bölgələrdə hərbi məqsədlər üçün istifadə edilən dövlət müəssisələrinə və infrastrukturlara zərbə vurulması genişlənir".

Politoloq əlavə edib ki, Federal Təühlükəsizlik Xidmətinin, polsin bütün çanfəşanlığına baxmayaraq, partizan mübarizəsini ləğv etmək mümkün olmayıb: "Üstəlik, partizan hərəkatının "gəncləşdiyi" müşahidə olunur. Son zamanlar həyata keçirilən əməliyyatların əsasən yeniyetmələr tərəfindən törədildiyi məlum olub. Ukrayna ordusu uğurlar qazandıqca Rusiyanın daxilində də azadlıq mübarizəsi güclənəcək. Ukrayanın qəti qələbəsi Rusiyanın taleyini həll edəcək. Dərbənd başda olmaqla Şimal torpaqlarımızın Rusiya işğalından azad olunacağı gün yaxınlaşır!"

Vazeh BƏHRAMOĞLU

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 
 

Bizimlə əlaqə saxlayın