Dost dediyimiz bu ölkələr AŞPA-da kürəyimizdən vurdu

26, 01, 24
10:46

Dost dediyimiz bu ölkələr AŞPA-da kürəyimizdən vurdu

Avropa Şurası Parlament Assambleyası ən sərt tənqidə layiqdir, Azərbaycan əleyhinə qəbul etdikləri qətnamə ədalətsizdir. Ancaq diqqətimi eyni zamanda səsvermə ilə bağlı başqa amillər də cəlb edir. Birincisi, Azərbaycan əleyhinə səs verən deputatlar içərisində bizə dost və tərəfdaş olan dövlətlərin – Moldova, İtaliya və Serbiyanın təmsilçiləri də var.  

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycan nümayəndə heyətinə qarşı AŞPA-da ədalətsiz qərarın verilməsi barədə qeyd edib. 

O bildirib ki, qeyd edilən dövlətlərin nümayəndələri qazımıza və neftimizə ehtiyac olanda Azərbaycanı etibarlı tərəfdaş və dost adlandırırlar, səsverməyə gələndə bizə arxalarını çevirirlər: 

“İkincisi, ötən ilin oktyabrından bəlli idi ki, AŞPA-nın qış sessiyasında Azərbaycan əleyhinə sənəd səsverməyə çıxarılacaq. Biz bu 3 ayda bunun qarşısını almaq üçün nə etdik? Milli Məclisdə müxtəlif, o cümlədən Avropa dövlətləri ilə dostluq qrupları var.

Bu qrupun üzvləri avropalı həmkarlarıyla sıx əlaqələr qurub onlarla izahat işi apardılarmı ki, AŞPA-da Azərbaycan əleyhinə qətnamənin Avropaya zərrə qədər də faydası yoxdur, Strasburqda çıxış edən ukraynalı deputatın dili ilə desək, bu, yalnız Rusiyanı sevindirəcək. AŞPA-da 46 üzv ölkədən 306 deputat var. Səsvermədə cəmi 90 nəfər iştirak edib, bunun da 76-ı Azərbaycan əleyhinə səs verib.

Deməli, deputatların əksəriyyəti səsverməyə qatılmayaraq ya otellərində olub, ya da parlament içərisindəki kafedə vaxt öldürüblər. Əslində biz elə etməliyikdik ki, onlar parlamentin dəhlizində və ya kafedə vaxt öldürmək əvəzinə zala daxil olub Azərbaycanın lehinə səs verərdilər.   

Əlbəttə, AŞPA-sız da yaşaya bilərik, ancaq onu bilək ki, bizim olmadığımız yerlərdə ermənilər və onların dəstəkçiləri əleyhimizə təbliğatı gücləndirəcəklər. Buna seyrçi qalmaq əvəzinə müxtəlif platformalarda mübarizəmizi davam etdirməliyik”.

Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. 

Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib. 

Bizimlə əlaqə saxlayın