Kafe və restoranlarda duzqabı qadağan ediləcək

29, 01, 24
09:30

Kafe və restoranlarda duzqabı qadağan ediləcək

Qırğızıstanın bütün kafe və restoranlarının süfrələrinə duzqabı qoyulmasını qadağan etmək istəyirlər.

"Azərbaycan Reallığı" xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, bu, həddindən artıq duz istehlakı ilə mübarizəyə kömək edəcək.

Qırğızıstan Respublikası Nazirlər Kabinetinin duz istehlakının azaldılmasını və qeyri-infeksion ürək-damar xəstəliklərinin qarşısının alınmasını nəzərdə tutan qərar layihəsi ictimai müzakirəyə çıxarılıb.

Sənəd ictimai iaşə obyektlərində, o cümlədən milli yurtlarda (qırğız çadırı) yerləşən süfrələrə duzqabı qoyulmasını qadağan edir. Süfrəyə duz yalnız ziyarətçinin istəyi ilə veriləcək.

Əsasnamədə qeyd edilir ki, bir çox ölkələrdə olduğu kimi, Qırğızıstanda da qeyri-infeksion xəstəliklər (arterial hipertoniya, ürəyin işemik xəstəliyi, insult, artıq çəki və piylənmə, II tip şəkərli diabet, yenitörəmələr) əhalinin vaxtından əvvəl ölümünün və əlilliyinin əsas səbəbidir. Respublikada baş verən bütün ölümlərin 80 faizinin səbəbi onlardır.

Yüksək duz qəbulu yoluxucu olmayan xəstəliklər üçün ən vacib risk faktorlarından biridir.

Buna görə də, ictimai iaşə obyektlərində masalarda duza açıq çıxışı qadağan etməklə, yemək davranışını dəyişdirmək və duz istehlakını azaltmaq üçün dövlət tənzimlənməsi mexanizmlərindən biri tətbiq edilir.

24.kg qeyd edir ki, nəşrin oxucuları bu cür tədbirləri səmərəsiz hesab edirlər.(musavat.com)

Bizimlə əlaqə saxlayın