"Zelenski müasir Uinston Çörçill, Bayden isə Franklin Ruzveltdir..." - "The New York Times"

27, 02, 23
16:00

"Zelenski müasir Uinston Çörçill, Bayden isə Franklin Ruzveltdir..." - "The New York Times"


"Baydenlə Zelenskinin münasibətləri gələcək dünya düzəni üçün kritik əhəmiyyət kəsb edir..." 

"Heç demə Zelenski, sadəcə, komik aktyor deyil, kimsənin təsəvvür edə bilmədiyi qədər sərtdir..." 

Bayden bir il öncə Zelenski barədə nə düşünüb... 

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsinin bir ili ərzində ABŞ prezidenti Co Baydenlə Ukrayna prezidenti Vladimir Zelenski arasında münasibətlər "gələcək dünya düzəni üçün kritik əhəmiyyət kəsb edib".
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb. 

Nəşr Baydenin Zelenskiyə münasibətinin müharibənin bir ili ərzində necə dəyişdiyini təhlil edib.
 
2022-ci ilin fevralında Bayden Zelenskinin "Rusiyanın təzyiqinə" tab gətirəcəyinə sonadək inanmayıb. Amerika prezidentinin komandası güman edib ki, Zelenski ya qətlə yetiriləcək, ya da sürgündə hökumətə başçılıq edəcək. Lakin Zelenski Kiyevi tərk etmək təkliflərindən imtina edib və amerikalıların "Ukraynanın qətiyyətinə şübhə ilə yanaşdıqlarına" görə "qəzəblənib".
 
Həmçinin Ukrayna prezidentinin "getdikcə daha çox" silah xahiş etməsi Baydenin əvvəlcə xoşuna gəlməyib. O, ABŞ prezidenti ilə "təchizat çavuşu kimi rəftar edildiyindən hiddətlənib".
 
2022-ci ilin yayında Bayden bir dəfə özündən çıxıb. O, Zelenskiyə zəng edərək 1 milyard dollar məbləğində yardım ayrılması barədə məlumat verib. Cavabında Zelenski Ukraynanın yeni tələbatları barədə bəyan edib. Həmçinin Ukrayna tərəfinin "minnətdarlıqdan daha çox xahiş etməsi" ABŞ prezidentinin xoşuna gəlməyib.
 
Sonradan Bayden Ukrayna prezidentinə deyib ki, bəlkə o da belə vəziyyətdə bu cür davranardı.
 
Tammiqyaslı müharibə başlanandan hər iki lider "gələcək dünya düzəni üçün həlledici əhəmiyyət kəsb edən tərəfdaşlıq münasibətlərini yaratmaq" yolunu keçib, məqalədə deyilir.
 
"Bir-birini daha yaxşı tanımağa və inciklikləri yumşaltmağa nail olmaq üçün aylar lazım gəlib", - qəzet yazıb.
 
Bir ildən sonra Bayden Zelenskinin təslim olacağını və ya qətlə yetiriləcəyini düşünməklə  haqlı olmadığına sevinib, nəşr yazıb. Amerika lideri təəccüb edib: heç demə Zelenski "sadəcə, komik aktyor deyil", "kimsənin təsəvvür edə bilmədiyi qədər sərtdir".
 
Münasibətlər son aylar möhkəmlənib, qəzet yazır. Zelenskinin Yeni il ərəfəsində Vaşinqtona səfəri Baydenə və onun Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivana müsbət təsir edib.
 
Qəzet yazır ki, Baydenin fevralın 20-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ildönümü ərəfəsində Kiyevə səfəri zamanı Amerika və Ukrayna prezidentləri "kifayət qədər" yaxın olub və bir-birinə "Uşaqlar necədir?" kimi suallar verib.
 
"Əvvəlcə bu münasibətlər kifayət qədər sadə olmayıb, hələ də müəyyən səbatsızlıq qalır, amma artıq azalıb", - bunu nəşrə ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst deyib.
 
O, əlavə edib ki, Bayden administrasiyası hələ də "ukraynalıların naşükür olmasından şikayətlənir".
 
Bundan başqa, nəşr qeyd edib ki, Baydenlə Zelenskinin münasibətlərində maraqlar eyni deyil. Eyni zamanda, hər ikisinin mühüm prioritetləri var. Qəzet Zelenskini müasir Uinston Çörçill (Böyük Britaniyanın 61 və 63-cü baş naziri), Baydeni isə ABŞ-ı bilavasitə müharibəyə cəlb etmədən Avropa müttəfiqlərini silahlandırmaq üçün "Demokratiya arsenalı"nı toplayan Franklin Ruzvelt (ABŞ-ın 32-ci prezidenti) adlandırıb".
 
Nəşr həmçinin qeyd edib ki, Bayden və Zelenski "qəribə tarixi cütlükdür". 80 yaşlı karyera siyasətçisi və nə zamansa televiziyada prezident rolunu oynayan, amma heç vaxt dövlət qulluğunda işləməyən 45 yaşlı satirik.
 
Qəzet həmçinin vurğulayıb ki, Bayden ilk dəfə olaraq Zelenskinin dünyaya gəlışindən beş il öncə Senatda and içib.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın