İran Azərbaycanın antiterror əməliyyatından niyə narahat olub? - BUNLARIN ZATI QIRIQDIR

25, 09, 23
11:40

İran Azərbaycanın antiterror əməliyyatından niyə narahat olub? - BUNLARIN ZATI QIRIQDIR


“Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə İran rəsmilərinin reaksiyası belə qənaət yaradır ki, son hadisə Nikol Paşinyan hökumətindən və bütövlükdə Ermənistandan daha çox molla rejimini narahat edib”.

"Azərbaycan Reallığı" xəbər verir ki, politoloq Xəqani Cəfərli deyib.

X. Cəfərli bildirib ki, İran rəsmilərinin sentyabrın 19-dan başlayaraq səsləndirdikləri İranın “qırmızı xətti” ilə bağlı təhdidlər, Fransa ilə hansısa addımlar atmaq cəhdi molla rejiminin narahatlığını göstərir: “Vəziyyət elə həddə çatıb ki, İran prezidenti İbrahim Rəisi ermənilərin hüquqlarına hörmət edilməsi haqqında sərt bəyanatla çıxış edir, İran Silahlı Qüvvələrinin bölgənin geosiyasətində baş verəcək istənilən dəyişikliyin qarşısını ala biləcəyi ilə bağlı təhdidlər səsləndirir”.

Politoloq əlavə edib ki, molla rejiminin əsəbi narahatlığını İranın Cənubi Qafqazda təsirlərinin azalması ilə izah etmək yetərli deyil: “Tehranda yaxşı bilirlər ki, İranın Cənubi Qafqazdakı rolu 1828-ci ildən sonra Rusiyanın Cənubi Qafqaz siyasətinin bir hissəsi olub. İranın Cənubi Qafqazda təsirlərinin artıb-azalmasını Rusiya müəyyən edib. İndi isə bütün postsovet məkanında olduğu kimi, Cənubi Qafqazda da Rusiyanın təsiri azalır. Bu, İranın da təsirinin azalacağı deməkdir”.

X. Cəfərlinin fikrincə, İran Cənubi Qafqaz respublikaları üçün heç bir cəhətdən cəlbedici dövlət, güc mərkəzi deyil: “Tehranda bunu çox gözəl bilirlər. Bunu bildikləri halda molla rejiminin son hadisələrə daha əsəbi reaksiya verməsinin başqa səbəbləri də olmalıdır”.

Politoloq qeyd edib ki, Azərbaycan dövlətinin hər bir uğuru, xüsusilə hərb meydanındakı qələbəsi Güney Azərbaycanda milli özünədərki gücləndirən ən böyük faktordur. Bunu molla rejiminin başbilənləri çox gözəl bilir və buna görə də, Azərbaycanın uğurlarına çox ağrılı reaksiya verirlər:

“Son hadisələrə molla rejiminin əsəbi reaksiyasının daha dərin səbəbi var. Rejim Qarabağ münaqişəsinin tam həllindən sonra Tehranın ünvə silahına sahib olmasına yol vermək istəməyən güclərin İrana qarşı hərbi əməliyyatlara başlayacağından qorxur. Buna görə də Qarabağ münaqişəsinin tam həllinə mane olmağa, bu bölgədə yaşayan ermənilərin hüquq və təhlükəsizliklərini ön plana çəkməyə çalışırdı. Bu hədəfinə nail olmaq üçün isə Rusiyadan əli üzüləndən sonra Fransa ilə işbirliyinə üstünlük verir. Afrikanın ardınca Cənubi Qafqazda da mövqelərini itirən Fransa isə İranın Azərbaycana qarşı birgə fəaliyyət təklifini son şans hesab edərək, molla rejiminin təklifindən ikiəlli yapışır. Fransanın İrəvandakı səfiri Olivye Dekotinin İranın Ermənistandakı səfirliyinə gedərək səfir Mehdi Sübhani ilə görüşməsi, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etməsi də bunu göstərir”.

X. Cəfərlinin sözlərinə görə, bölgədə və İran ətrafında baş verən son hadisələrin təhlilindən və molla rejiminin əsəbi reaksiyasından belə qənaətə gəlmək olar ki, qarşıdakı 12 ay ərzində İrana qarşı hərbi əməliyyatlar başlaya bilər.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın