5 ailə üzvünü öldürən Əhməd həbs edilməyəcək? - Hüquq belə deyir...

14, 02, 24
10:00

5 ailə üzvünü öldürən Əhməd həbs edilməyəcək? - Hüquq belə deyir...

Dünən günorta saatlarında paytaxtın Xətai rayonunda baş verən cinayətin bir sıra detalları məlum olub. 25 yaşlı Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib. Əhməd atasını, anasını, qardaşını, bacısını və bacısının 5 yaşlı qızını baltadan istifadə etməklə öldürməkdə şübhəli bilinir.
 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
 
"Azərbaycan Reallığı" cinayətdə şübhəli bilinən şəxsi hansı cəzanın gözlədiyini araşdırıb.
 
Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə adlanır. Bu maddəyə görə, cinayət törədən şəxs on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
Məcəllənin 120.2.7-ci maddəsi isə iki və ya daha çox şəxsi öldürməni nəzərdə tutur. Bu maddə üzrə də eyni cəza nəzərdə tutulub.
 
Yaxınları Əhməd Əhmədovun psixoloji problemlərinin olduğunu bildirib. Onun daha əvvəl psixiatriya mərkəzində yatdığı iddia olunur. Mətbuatda, həmçinin Əhmədin qətl törədən zaman anlaqsız vəziyyət olduğu iddia edilir.
 
Əgər Əhmədin cinayət törədən zaman anlaqsız vəziyyətdə olduğu sübuta yetirilərsə, bu zaman Cinayət Məcəlləsinin 21-ci maddəsi qüvvəyə minəcək. Məcəllədə deyilir ki, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

Bizimlə əlaqə saxlayın