Dəyişməyən xislət: ermənilər yəhudi uşaqların ölümünə niyə sevinir?

08, 10, 23
18:30

Dəyişməyən xislət: ermənilər yəhudi uşaqların ölümünə niyə sevinir?

Azərbaycana yaxın bölgədə daha bir köhnə, təhlükəli münaqişə ocağı alovlandı. Yaxud alovlandırıldı – fərq eləməz artıq. Təəssüf ki, yenə uşaqlar, qadınlar daxil, dinc insanlar qətl edilir, əsir götürülür, zorakılığa məruz qalırlar, yaşayış binaları dağıdılır, mülki infrastruktur zərbələr alır. Kimə olmasa da, bizə yaxşı tanış olan acı mənzərədir...

Gözlənildiyi kimi, İsrailə hücum ən çox iki ölkədə - İranda və Ermənistanda böyük sevinclə qarşılanıb. İranla bağlı motiv məlum. Kapitulyant ölkə isə əlbəttə ki, İsrail Azərbaycanın strateji müttəfiqi və mühüm silah tədarükçüsü olduğu üçün yəhudi dövlətinə hücum məmnunluq yaradıb. Bunu rəsmi səviyyədə açıq büruzə verməsələr də, erməni KİV-ləri, sosial şəbəkə istifadəçiləri antisemit ovqatı gizlətmirlər. Yenə öz adlarını başqalarına qoyaraq, bunu hətta “ilahi cəza” adlandırırlar.
Onsuz da Qarabağda 24 saatlıq antiterror tədbirlərindən sonra ermənilərin İsrail dövlətinə qəzəbi birə-beş artmışdı. Guya Azərbaycan müstəsna olaraq, İsrail silahları və sistemləri hesabına separatçıların işini bitirib. Bu harasıdır, ermənilərin Qarabağdan könüllü köçündə də yəhudilər bizim kimi suç hədəfi elan ediliblər.

Az sonra İrəvandakı sinaqoqa qarşı vandalist akt törədildi – ermənilərin min illik ənənəvi xislətinə uyğun surətdə. Təşkilatçı da kim olsa, yaxşıdır – Türk soyuna qənim kəsilmiş erməni terror təşkilatı ASALA (“Ermənistanın Azadlığı Uğrunda Gizli Ordu”).

Hörgütün sinaqoqa hücumla bağlı yaydığı bəyanatda belə bir cümlə var idi: “Yəhudilər erməni xalqının düşmənləri olan Türkiyə və Azərbaycanın cinayətlərində şərikdirlər”.

Bəyanat mətnində həmçinin az öncə Ermənistan baş naziri Nikol Paşinyanı Qarabağdakı məlum olayları Holokost faciəsi ilə eyniləşdirdiyinə görə tənqid edən avropalı ravvinlər hədəf alınmışdı. Bundan əlavə, İsrail hökumətinin Azərbaycana dəstəyini davam etdirəcəyi təqdirdə ASALA birbaşa olaraq Avropa, Amerika, Kanada, Gürcüstandakı yəhudiləri müharibə ilə hədələmişdi. “Hər bir ravvin bizim üçün hədəf olacaq. Bu ölkələrdə heç bir yəhudi özünü təhlükəsiz hiss etməyəcək”, - ASALA-nın bəyanatında deyilirdi...

Bu yerdə xatırladaq ki, ASALA 1980-ci illərdə Livanda Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən silahlandırılıb, təlim keçib və 1982-ci ilə qədər İsrailə qarşı döyüşüb. Odur ki, hörgütün Avropanın ermənipərəst nəşrlərində də Qarabağdakı hadisələrdə yəhudiləri, İsraili günahlandıran bəyanatının yer alması əsla təəccüblü sayılmamalıdır.
Məsələ də ondadır ki, 20 sentyabrdan sonra CNN, AP, “The Globe and Mail”, “ABC News” və digərləri də daxil olmaqla bir sıra tanınmış Qərb KİV-ləri faktiki eyni vaxtda antisemit materiallar dərc edib. Həmin materiallardan belə nəticə çıxır ki, Azərbaycanın öz ərazisi olan Qarabağı separatçılardan təmizlənməsində İsrail silahları mühüm rol oynayıb. Yazılarda xəfif antisemit mesajı isə budur: yəhudilərin hərəkətləri ucbatından xristianlar yenə əziyyət çəkib, on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb, didərgin düşüb. Və bundan az sonra İsrailə misli görünməmiş hücum həyata keçirilir...

Əlbəttə, Azərbaycanın silah arsenalında təkcə İsrail silahları deyil. Onlar heç çoxluq da təşkil eləmir. Bu, bəhanədir. Hayların bitməyən qəzəbinin əsas səbəbi ümumiyyətlə, yəhudi dövləti və lobbisinin Azərbaycanın haqq işini qeyd-şərtsiz müdafiə eləməsi, 32 illik işğaldan qurtulmağımıza gərəkən dəstəyi verməsi, bir də uydurma “erməni soyqırımı”nın dünya üzrə tanınmasına əngəl olmasıdır.

Ancaq nə olur-olsun, hansı səbəb gətirilir-gətirilsin, dinindən, irqindən və milliyyətindən asılı olmayaraq, yaxud dünyanın harasında baş verir-versin, günahsız insanların qətlinə sevinmək əbləhlikdir, vəhşilikdir. Lap elə psixi xəstəliyin, şizofreniyanın təzahürüdür. Belə anlaşılır ki, bunlar tezliklə düzələn deyil.

Özləri bilər. “Su qabı suda sınar”...

Bizimlə əlaqə saxlayın