20 illik liderliyin Zəfər zirvəsi!

19, 10, 23
10:50

20 illik liderliyin Zəfər zirvəsi!

17.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsində cənab İlham Əliyevin Prezident seçilməsinin iyirmi ilinin tamam olması münasibətilə tədbir keçirilib.

Tədbirdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov çıxış etdi.

Nazir müavini çıxışında ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək etibarını qazanmış və dərin minnətdarlıq hissi ilə 100 illik yubileyini qeyd etdiyimiz dünya şöhrətli siyasətçi, əbədiyaşar lider Heydər Əliyevin milli dövlətçilik məktəbininin layiqli yetirməsi, ulu öndərin azərbaycançılıq məfkurəsini dərindən mənimsəmiş, zəfər salnaməsinin memarı cənab İlham Əliyevin 20 illik əvəzolunmaz siyasi fəaliyyətinin tarixin ən qüdrətli Azərbaycanını ərsəyə gətirdiyini vurğuladı.

1 oktyabr 2003-cü il tarixində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində bildirmişdir ki, «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm». Zaman Ulu Öndərin bir daha nə qədər uzaqgörən və müdrik şəxsiyyət olduğunu göstərdi.

Möhtərəm Prezident cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərində onu yenidən prezident seçdi. Sözünün imzası qədər çəkisinin olduğuna əminlik yaradan dövlətimizin başçısı özünəməxsus siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti ilə əsrin yeni liderinə çevirilib.

2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanın heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacağını, öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəyini bildirən cənab Prezident xalqımızı mahir strateq, sərkərdə olaraq Zəfər sevincinə qovuşdurdu.

20 illik prezidentlik dövrünün zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 20 sentyabr 2023-cü il tarixdə lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmış, 8 Noyabr–Zəfər Gününü xalqımızın qürur mənbəyinə çevirmişdir. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq Ulu Öndərin ən ümdə arzusunu 17 ildən sonra gerçəkləşdirdi. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim… Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır” sözləri hər birimizin qürur mənbəyinə çevrildi.

Qələbədən sonrakı dövrdə Böyük Qayıdışa dair həyata keçirilən genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. Bütün bu müddət ərzində Dövlət başçısının və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri Böyük Qayıdışın təminatıdır. Ötən dövrün təhlili göstərir ki, Prezident İlham Əliyevin siyasətində insan amili hər zaman prioritet olub. Bu məqsədlə ölkənin məhkəmə-hüquq, ədliyyə, prokurorluq, daxili işlər orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə xidmət edən kompleks islahatlar həyata keçirilir. “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və hiss etsin”. Bu fikirlər Azərbaycanın dövlət başçısının xalqına qəlbən bağlı lider olduğunu bir daha təsdiqləyir.

2016-cı il sentyabrın 26-da keçirilmiş referendumun nəticəsi kimi ölkədə Birinci vitse-prezident institutunun yaradılmasını, Heydər Əliyev Fondunun rəhbəri kimi uzun illər reallaşdırdığı mühim sosial-humanitar, mədəni və digər layihələrlə cəmiyyətin rəğbətini qazanmış Mehriban xanım Əliyevanın 2017-ci ilin 21 fevralında bu vəzifəyə təyinatının əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. Bu təyinat dövlət idarəçiliyinə yeni ruh və müasirlik gətirməklə, ümumilikdə, gənc, təcrübəli və intellektual səviyyəli novator kadrların ölkədə yürüdülən islahatlarda iştirak imkanlarını genişləndirib, ictimai-siyasi münasibətlər sisteminin xarakterində əsaslı dəyişikliklərə yol açıb.

Cənab Prezidentin 20 il ərzində imzaladığı 37 əfv fərmanı və sərəncamı, özünün və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktları ilə on minlərlə məhkum azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, onların ailələrinə sevinc bəxş edilib.

İnsan haqlarının, o cümlədən məhkumların hüquqlarının etibarlı təmin olunmasına daim xüsusi önəm verən cənab Prezident azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoymuş və ötən dövrdə dövlət başçısının tapşırığına uyğun olaraq paytaxtda və bölgələrdə yeni penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilib.

M.Seyidov möhtərəm Prezidentin beynəlxalq standartlara uyğun inşa olunmuş Bakı istintaq təcridxanasına və cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün penitensiar müəssisələrə şəxsən baş çəkərək yaradılan müasir şəraitlə yerində tanış olması bir daha penitensiar sahədə aparılan islahatların diqqət və qayğı ilə əhatə olunduğunu göstərməklə şəxsi heyət arasında yüksək ruh hissi ilə qarşılandığını, qarşıda duran vəzifələrin məsuliyyətini daha da artırdığını bildirdi.

Çıxışının sonunda nazir müavini gələcək illərdə iki böyük liderimizin arzularının həyata keçəcəyinə, Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” arzusunun Prezident cənab İlham Əliyevin “Qarabağı cənnətə çevirəcəyik” niyyəti ilə hökmən gerçəkləşəcəyinə inamını ifadə etdi.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünə həsr edilmiş film izlənildi.

Bizimlə əlaqə saxlayın