"Hər birimizin ən böyük arzusu seçkilərdə yenidən İlham Əliyevin qalib gəlməsidir" - Deputat

04, 02, 24
13:00

"Hər birimizin ən böyük arzusu seçkilərdə yenidən İlham Əliyevin qalib gəlməsidir" - Deputat

Azərbaycan Respublikasında növbədənkənar  prezident seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Əvvəlki seçkilərdən fərqli olaraq, Azərbaycan 2024-cü il fevralın 7-də ilk dəfə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş müstəqil dövlət kimi prezident seçkilərini keçirəcək. Seçkilərin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli, şəffaf keçirilməsi, habelə fərqli statuslu seçki subyektlərinin maarifləndirilməsi,  məlumatlandırılması məqsədilə genişmiqyaslı tədbirlər ardıcıl və sistemli şəkildə aparılır. 

Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb. Birincisi, Prezident İlham Əliyev bunun ilk növbədə, antiterror tədbirlərindən  sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib. O qeyd edib ki, ikinci səbəb ölkənin bütün regionlarında keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir. İlham Əliyev digər səbəbi isə Prezident kimi fəaliyyətinin 20 ilinin  tamamlanması ilə əlaqələndirib.  

Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub. Bundan sonra Konstitusiyaya görə, Prezident İlham Əliyevin prezidentlik səlahiyyəti 2025-ci ildə başa çatacaq və Prezident seçkiləri keçiriləcəkdi. Amma  dekabrın 7-də Prezident İlham Əliyevin  sərəncamına əsasən, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi qərara alındı.

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub. Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Qeyd etmək lazımdır ki,  2018-ci il aprelin 11-də keçirilən seçkilərdə  İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.  

Millət vəkili Aydın Hüseynov açıqlamasında bildirib ki,  bu seçkilərin keçirilməsi ölkəmizin siyasi həyatında yeni bir mərhələnin başlanması deməkdir və Zəfər seçkisi kimi də dəyərləndirilə bilər:  

"Bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyası öz namizədi Cənab İlham Əliyevin təşviqat kampaniyasını böyük coşğu, ümümxalq hərəkatı kimi qeyd etməkdədir. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən aparılan təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə xalqın xüsusi fəallığı müşahidə edilir.

Bu seçki kampaniyası əvvəlkilərlə müqayisədə daha çoşğulu, daha ruh yüksəkliyi, əsil bayram əhval-ruhiyyəsində davam edir. Görüşlərə gələn insanların simasındakı işıq, sevinc, xoşbəxtlik cizgiləri hiss olunur, onların hər birində fərəh və qürur duyulur. Bu sevinc və fərəh hisləri xalqımıza tarixi Qələbəni yaşadan, qürur və ləyaqətimizi bərpa edən Cənab Prezidentin, cəsur Ordumuzun əvəzolunmaz xidmətləri sayəsində bəxş edilib.

Bu gün Azərbaycan öz suverenliyini tam bərpa etmiş dövlət kimi sabitlik və əmin-amanlıq, firavanlıq ölkəsinə çevrilib, insanlar bu gün onlara yeni yol, uğurlu sabahlar açmış siyasi liderinin ətrafında daha sıx birləşiblər. Seçicilərlə görüşlərdən əldə edilən təəssüratlar onu deməyə əsas verir ki, onlar yekdilliklə fevralın 7-də seçkilərdə iştirak edərək YAP-ın Sədrinə növbəti dəfə etimad göstərəcəklər". 

A.Hüseynovun fikrincə, Azərbaycan cənab İlham Əliyevlə qarşıdakı illərdə yeni inkişaf hədəflərini davam etdirəcək: 

"Yeni strateji xəttə uyğun olaraq 2024‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olan Azərbaycan dövləti yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

Yeni strateji mərhələdə işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcəkdir. Yeni inkişaf hədəfləri sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi layihələrin icrası, biznesin işinin səmərəliliyinin artırılması, yeni sərmayələrin cəlb edilməsi üçün əlverişli sərmayə iqlimi təmin olunması da başlıca məqsədlərdəndir". 
Seçkilərin önəmindən danışan millət vəkili Ceyhun Məmmədov isə vurğulayıb ki, cənab Prezident İlham Əliyev seçki məsələsində dəfələrlə öz reaksiyasını və münasibətini bildirib:
"İlk dəfə olaraq Azərbaycanın bütün suveren ərazilərində seçkilər həyata keçiriləcək. Buna görə də baş tutacaq seçkini tarixi proses adlandıra bilərik. Eyni zamanda bu bir Zəfər seçkisidir. Hər birimizin ən böyük arzusu və istəyi  İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsidir. Hesab edirəm ki, növbəti mərhələ Azərbaycan üçün çox mühüm olacaq.

Seçkilərdən sonra islahatlar həyata keçiriləcək, dövlətçiliyimiz və müstəqilliyimiz daha da güclənəcək. Həmçinin, Azərbaycanda bütün sahələr üzrə inkişafın və tərəqqinin davam etdiyini görəcəyik. Prezident İlham Əliyev Azərbaycan xalqına Qarabağ zəfərini  yaşatdı. Eyni zamanda Ali Baş Komandan Azərbaycanı məğlub xalqdan qalib xalqa çevirdi.

Prezident İlham Əliyevdən başqa kimsə Azərbaycana bu zəfəri yaşada bilməzdi. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Seçkilərdə hər kəsin iştirakı vacibdir. Biz Azərbaycanın xoşbəxt gələcəyinə və  möhkəmlənməsinə öz dəstəyimizi ifadə etməliyik. Güclü Azərbaycan üçün hər birimiz səy göstərərək çalışmalıyıq". 

Seçki ilə bağlı gözləntilərini bölüşən Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə qeyd edib ki, çox gözəl seçki həyata keçiriləcək: 
"Mətbuatda bəzən bunu Zəfər seçkisi adlandırırlar. Xalqımız səfərbər olacaq və fevral ayının 7-də seçki baş tutacaq. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyinə qovuşduqdan sonra müstəqillik aktına əlavə edib ki, 1918-20-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin davamçısıdır. Bildiyimiz kimi, cümhuriyyətimiz parlamentli respublika olub və seçkilərlə formalaşma mexanizmi dövlətin əsas sütunu hesab edilib. Bu məsələ də 1991-ci ildən başlayaraq Azərbaycanda tam gücü ilə davam etdirilir". (Demokrat.az)

Bizimlə əlaqə saxlayın