Əliyev növbəti 7 ildə ölkəni kimlərlə idarə edəcək? - Mühüm açıqlama

08, 02, 24
13:00

Əliyev növbəti 7 ildə ölkəni kimlərlə idarə edəcək? - Mühüm açıqlama

Ötən gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Seçkilərin nəticəsinə əsasən hazırki prezident İlham Əliyev 92.05 faiz səslə qalib gəldi. Seçkilərdən sonra digər namizədlərin yeni formalaşdırılacaq hökumətdə təmsil olunub-olunmayacağı ilə bağlı müxtəlif mülahizələr dolaşır.

"Azərbaycan Reallığı" xəbər verir ki, Böyük Quruluş Partiyasından namizəd olmuş deputat Fazil Mustafa sözügedən məsələ ilə bağlı Yenisabah.az-a danışıb. O, belə bir təklifin uyğun olmayacağını bildirib:

“Şükürlər olsun ki, Azərbaycan sükunət içində və təlatümlər olmadan bu prosesi yekunlaşdıra bildi. Demokratik və şəffaf seçkilər nəticəsində prezident İlham Əliyev layiq olduğu qələbəni qazandı. Bizdə hazırda hər hansısa koalisiya hökuməti modeli yoxdur, digər tərəfdən koalisiya ilə bağlı təklifin olunması uyğun da deyil. Çünki prezidentin öz komandası var və bu komanda ilə icra fəaliyyətini həyata keçirir. Biz partiya rəhbəriyik və partiyamızın fərqli ideoloji xətti var. Ona görə də biz Milli Məclisdə təmsil olunuruq və müəyyən səlahiyyət sahibiyik”.

Fazil Mustafa qeyd edib ki, müxalifət partiyalarının yeni hökumət komandasına dəvət olunmasının məntiqi izahı yoxdur:

“İcra orqanı ilə qanunvericilik orqanın funksiyaları tamamilə fərqlidir. Parlamentdə olan Yeni Azərbaycan Partiyası üzvlərindən və bitərəf deputatlardan belə bir komandaya dəvət ola bilər. Bu, praktiki olaraq əvvəllər də özünü göstərib. Amma digər müxalifət partiyalarının dəvət olunmasının məntiqi izahını görmürəm. Çünki bu komanda prinsipinə uyğun gəlmir. Gələcəkdə hansısa koalisiya höküməti variantı olarsa, onda partiya olaraq həmin hökumətə daxil olmaq və fəaliyyət göstərmək mümkündür”. 

Bizimlə əlaqə saxlayın