“İki ilə yaxındır ki, “Macro 2000” şirkətindən zəhmət haqqımızı ala bilmirik” - AXI NİYƏ?!

20, 07, 23
13:00

“İki ilə yaxındır ki, “Macro 2000” şirkətindən zəhmət haqqımızı ala bilmirik” - AXI NİYƏ?!


Şirvan rayon sakini, hazırda Müşfiq qəsəbəsində yaşayan Fərəcov Rüstəm Adil oğlu 2 ilə yaxındır Türkiyənin Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətində çalışdığını, lakin bu müddət ərzində zəhmət haqqını ala bilmədiyini iddia edir. 

"Azərbaycan Reallığı" xəbər verir ki, onun sözlərinə görə, podoratçı şirkət olan “Ceylan İnşaat” firmasının direktoru, iş adamı Müzəffər Ceylanla anlaşaraq “Macro 2000 Group” tikinti şirkətinin Kəlbəcərdə və Gəncədə inşaa etdiyi obyektlərin dəmir-beton işlərini görüb.

Rüstəm Fərəcov deyir ki, o, tikinti briqadasının rəhbəri olsa da, fəhlələrlə birgə çalışıb. Bildirir ki, “Ceylan İnşaat” ona ödəməli olduğu vəsaiti vermədiyindən, o da hazırda rəhbərlik etdiyi işçilərə borclu qalıb. 

“Müzəffər Seyran bizi aparıb, Kəlbəcərdə “Macro 2000” tikinti şirkətinin işini gördürüb. Bundan əlavə, Gəncədə Hərbi Polis İdarəsinin binasının tikintisində çalışmışıq. Tikinti işlərini vaxtında başa çatdırmışıq, hərbi anbar, kazarma tikintisi zamanı beton işlərini görmüşük. Artıq il yarımdır ki, Kəlbəcər və Gəncədə gördüyümüz işlərin zəhmət haqqını ala bilmirəm”.

R.Fərəcov deyir ki, Müzəffər Ceylan ona ümumilikdə 23 500 manat ödəməli olsa da, cəmi 6 774 manat verib, 16 720 manat isə borcludur: “Özü də təsdiq edir ki, bəli, mənim sənə borcum qalır. Deyir ki, sadəcə olaraq “Macro 2000” şirkəti pulumuzu ödəmir, ona görə də mən sizin pulunuzu ödəyə bilmirəm. Deyir, heç olmasa Loğman gətirib sizin pulunuzu versin, bu iş bağlansın, mən pulumu sonra da alaram”.

Şikayətçi bildirir ki, nə “Ceylan İnşaat”, nə də “Macro 2000” şirkəti görülən işlərlə bağlı onlarla heç bir müqavilə imzalamayıblar. Hətta o, “Macro 2000”-dən zəhmətlərinin qarşılığını tələb etdikdə, sözügedən şirkətin direktoru Loğman Bitər ona “mən səni tanımıram, mən Müzəffər bəyi tanıyıram”, - deyərək, borcu ödəməkdən imtina edib. Sonra isə “Macro 2000” şirkətindən bildirilib ki, Azərbayacan hökumətinin şirkətə ödəməli olduğu 20 milyon manatı ala bilmədiklərindən, görülən işlərin pulunu ödəmək imkanları yoxdur.

Rüstəm Fərəcov bildirir ki, Müzəffər Ceylandan borcunu ala bilmədiyi üçün hazırda çox çətin vəziyyətdədir: “Kreditə ev almışdım, 2 aydır ödəniş edə bilmirəm. Bu səbəbdən, indiyədək ödədiyim 30 min manat da bata və evimi əlimdən ala bilərlər”.

Redaksiaydan: Qeyd edək ki, istər Kəlbəcərdə, istər də Gəncədə aparılan tikinti işləri zamanı “Ceylan İnşaat” və “Macro 2000” şirkətlərinin külli miqdarda maliyyə yeyintisinə yol verdiyi haqda əlimizdə çox ciddi faktlar var. Görünən odur ki, qardaş Türkiyənin Azərbaycanda çalışan iş adamları da yavaş-yavaş bizim məmurlara bənzəyirlər...  

Bütün bunlar haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. (Hurriyyet.az)

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 

Bizimlə əlaqə saxlayın