Gömrük Komitəsində PROBLEMLƏR XİRTDƏYƏ QƏDƏRDİR - Şahin Bağırov bacarmadı?

20, 07, 23
14:00

Gömrük Komitəsində PROBLEMLƏR XİRTDƏYƏ QƏDƏRDİR - Şahin Bağırov bacarmadı?


Dövlət Gömrük Komitəsində malın gömrük dəyərini müəyyən etmək neçə illərdir ki, problemlidir və əsas narazılıq doğuran məsələdir. İdxal ilə məşğul olan sahibkarlar bəzən Çindən gətirdikləri malın az qala yarısı qədər gömrük ödənişi tələbi ilə üzləşdiklərini bildirirlər. Onların iddiasına görə, gömrük orqanları idxal edilmiş mallara dəyərindən daha çox gömrük rüsumu müəyyən edirlər.

"Azərbaycan Reallığı" 
xəbər verir ki, bunu Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bildirib.

Onun sözlərinə görə, indiyədək gömrük dəyərinin hesablanması üçün ağlabatan bir üsul yoxdur.

Mərkəz rəhbəri xatırladıb ki, Gömrük Komitəsi (DGK) əvvəl bununla bağlı nəhəng bir departament yaratsa da, normal mexanizm qurulmayıb:

“DGK indiyədək xeyli faydalı rəqəmsal həllər və elektron xidmətlər formalaşdırıb. "Smart Customs" bir çox problemlərin dərhal həllinə kömək edir. Amma malın gömrük dəyərinin müəyyən edilməsi üçün daha effektiv olan rəqəmsal həll formalaşdırmağa diqqət yetirilməyib”.

O. Gündüz əlavə edib ki, ötən günlər DGK bu quruma olan müraciətlərlə bağlı bir məlumat paylaşıb. Bu statistikadan görünür ki, DGK-ya olan müraciətlərin az qala yarısı fiziki şəxslərin "İMEİ kodlar” və "Karqo” ilə, yəni vətəndaşların şəxsi məqsəd üçün gətirdiyi mallarla bağlıdır.

Mərkəz rəhbərinin ehtimalına görə, burada nəsə doğru deyil:

"Hazırda bu sektorda aparılan islahatlar, gömrük xidmətində struktur dəyişiklikləri, bu sektordakı strateji hədəflər daha çevik və effektiv mexanizmlərin yaradılmasını şərtləndirir. Beynəlxalq təcrübəyə nəzər saldıqda görmək mümkündür ki, bu tip məsələlər tam rəqəmsallaşıb. İndi hökumət gömrük dəyəri ilə bağlı yeni Qaydalar hazırlayır”.

O. Gündüz ümid edir ki, DGK-nın yeni rəhbərliyi uzun illərdən bəri mövcud olan bu problemin - malın gömrük dəyərinin qısa zamanda müəyyən edilməsi üçün ağlabatan bir mexanizm, rəqəmsal bir resurs formalaşdıra biləcək.

Onun fikrincə, gömrük xidmətində resurslar cari xarakterli işlərə deyil, gömrük proseslərinin rəqəmsal transformasiyasına yönəldilməlidir. (Reyting.az)

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 
 
 

Bizimlə əlaqə saxlayın