Jurnalist Zaur Qənbərovun sifarişli həbsini kimlər təşkil edib?

06, 09, 23
11:00

Jurnalist Zaur Qənbərovun sifarişli həbsini kimlər təşkil edib?


“Rəis müavini telefonundakı şəxsi həyatına aid fotoları yaymaqla şantaj edib. Bildirib ki, o şəkilləri yayacaqlar, qadın da intihar edəcək…”
Gədəbəy rayonunun Arıqıran kənd sakini, “sarkazm.az” saytının redaktoru Zaur Qəmbərov bir aya yaxındır ki, xuliqanlıq ittihamıyla həbs olunub.

Lakin ailə üzvləri hesab edir ki, bu həbsin əsl səbəbi onun peşə fəaliyyəti, hazırladığı tənqidi materiallardır.

“Deyir ki, rəis müavini səslərə qulaq asıb, sonra silib ki, sübutlar yox olsun”

Qardaşı Elməddin Qəmbərov Meydan TV-yə bildirib ki, Zaurun necə tutulması və ondan sonrakı proseslərin təhlili bu işin sifarişli olduğunu düşünməyə əsas verir.

1990-cı il təvəllüdlü Zaur Qəmbərov avqustun 1-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, Gəncədə yol qəzası baş verib, qarşı tərəflə mübahisə zamanı Zaur Qəmbərov onlara xəsarət yetirib.

Təqsirləndirilən jurnalist hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır. O, təcridxanada qardaşıyla görüşərkən necə tutulması haqda bunları danışıb:

“Zaur deyir ki, Bakıdan gəlirmiş, Gəncədə hava limanının yanındakı yolda üçüncü zolaqda asta-asta, təxminən saatda 30-40 sürətlə gedəndə görüb ki, qəfildən bir maşın bunun qarşısına keçib, “tormoz” verdi. Onda Zaur qəzadan yayınıb, yenə yoluna davam eləyib.

Bir az gedib ki, həmin “Chevrolet” yenə gəlib, bu dəfə Zaurun maşınını arxadan vurub. O maşında iki nəfər yaşlı adam olub. Zaur deyir ki, düşüb təhqir eləməyə başladılar. Ona görə Zaur şübhələnib və telefonun diktofonunu qoşub ki, əlində sübut olsun. Hadisə yerinə gələn yol polisi də təsdiqləyib ki, qəzada günah o biri maşında olub”.

Zaur Qəmbərov qardaşına danışıb ki, sonradan onu Gəncə şəhər Baş Polis İdarəsinə aparıblar. Çünki “Chevrolet”dəki şəxslər – sürücü Arzu Mirzoyev və yanında olan Tofiq Həsənov ondan şikayət edib.

Təqsirləndirilən jurnalistin bildirdiyinə görə, o, polis idarəsində olarkən telefonun diktofonunda qeydə aldığı səs yazısını Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Niyaməddin Qasımova təqdim edib:

“Zaur deyir ki, rəis müavini səsə qulaq asıb və onu silib. Sübutu yox eləyib. Bu, nə deməkdir?

Zaurun təqsirsizliyini təsdiqləyən sübutlar məhv edilirsə, deməli, onun həbsi kimlərəsə lazımdır. Niyə? O biri maşında olan adamlar ki var, Zaurdan şikayətçidilər, onlar da deyir, bizlik deyil, polislikdir”.

“Qardaşım deyir ki, icra başçısının müavini haqqında yazdıqlarına görə şərlənib”

Zaur Qəmbərov ailə üzvlərilə görüşündə deyib ki, rəis müavini səs yazısını silməkdən əlavə, onu telefonundakı şəxsi həyatına aid fotoşəkilləri sosial şəbəkələrdə yaymaqla şantaj edib:

“Onu hədələyiblər ki, o şəkilləri yayacaqlar, oradakı qadın da intihar edəcək. Zaur da deyib ki, mən də baş verənləri ictimailəşdirib intihar edəcəm. Qoy bu millət görsün ki, nə baş verir”.

Elməddin Qəmbərovun sözlərinə görə, qardaşının telefonunun cinayət işinə heç bir aidiyyəti yoxdur. Lakin bugünə qədər telefonu onlara qaytarmırlar:

“Telefonun nə aidiyyəti var xuliqanlıqla bağlı cinayət işinə? İstəmirlər ki, o səs yazısı bərpa olunsun, ona görə qaytarmırlar”.

Zaur Qəmbərov ailə üzvlərilə görüşündə onu da bildirib ki, həbsinin əsas səbəbi İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov haqqında araşdırmalarıdır. Onun sözlərinə görə, həbs olunarkən niyə cəzalandırıldığını ona çatdırıblar.

“Deyir ki, Mahmud Süleymanov haqqında yazdıqlarına görə şərlənib. Ona himayədarlıq edən məmur eyni zamanda Gəncədə də söz sahibidir. Ona görə həbsi Gəncədə həyata keçirilib.

Qardaşım bir müddət əvvəl Gəncədəki təcridxanada damarını kəsib və başqa formada özünə xəsarət yetirib. Qətiyyən təcridxanadakı şəraitdən, oradakı rəftardan narazılığı yoxdur.

Şərlənib həbs olunmasına etiraz olaraq bu addımı atıb. Bu dəfə qarşısını alıblar. Onun həyatına görə çox narahatam. Deyir ki, Gəncədə ona qarşı təxribatı quranlar, həbsini sifariş edənlər, onların arxasında dayanan, hakimiyyətdə yuxarı səviyyədə təmsil olunan şəxslər – hamısının adlarını yazıb, intihar edəcək. Onunla hər söhbətimizdə bu niyyətindən daşındırmağa çalışıram. Çox çarəsiz bir vəziyyətdir…”, – Elməddin Qəmbərovun sözləridir.

DİN nə deyir?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, avqustun 1-də axşam saatlarında Post Patrul Xidmətinin əməkdaşları Gəncə-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verdiyini, sürücülərdən birinin digərinə küt alətlə xəsarət yetirdiyini aşkar ediblər:

“İlkin araşdırmalar zamanı məlum olub ki, Gədəbəy rayon sakini Zaur Qəmbərov idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən “Chevrolet” markalı avtomobilin onu ötməsinə əsəbləşərək, yol hərəkəti qaydalarını kobud surətdə pozub, sözügedən avtomobili ötərək qarşısına keçib və qəfil əyləcləmə edib.

“Chevrolet” markalı avtomobilin sürücüsü yaranmış qəza şəraitində idarəetməni itirərək, Zaur Qəmbərovun avtomobili ilə toqquşub. Baş vermiş hadisə ilə əlaqədar Zaur Qəmbərov avtomobildən düşərək, qarşı tərəfi nalayiq ifadələrlə təhqir edib, daha sonra ona müxtəlif bədən xəsarətləri yetirib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə cinayət işi başlanıb”.

Zaur Qəmbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 maddəsində 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın