Qarabağ ətrafında siyasi gərginlik: “Ərdoğan geri çəkilməyəcək” - Müsahibə
Qarabağ ətrafında siyasi gərginlik: “Ərdoğan geri çəkilməyəcək” - Müsahibə
“Ərdoğan kifayət qədər xarizmatik keyfiyyətlərə malik olan bir liderdir. Putin ötən ilin sonunda keçirdiyi ənənəvi mətbuat konfransında da bildirdi ki, Ərdoğan kişi kimi sözünün üstündə duran, Türkiyənin maraqlarını ardıcıl və düşünülmüş şəkildə qoruya bilən, yeri gələndə güzəştlərə getməyi bacaran adamdır. Bu mənada, düşünürəm ki, Ərdoğan Türkiyənin Azərbaycan və ya Cənubi Qafqazdakı maraqlarını qorumaq üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək”.
Azerbaycanrealligi.com politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edir:
- Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşdən əvvəl fransalı həmkarı Emmanuel Makronla telefonda danışdı. Sizcə, Putinin bu addımı nəyə hesablanıb, bununla hansı mesajı verir?
- Putinin görüş ərəfəsində Makronla Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları müzakirə etməsi, Rusiyanın Fransa ilə münasibətlərə önəm verməsi anlamında qəbul olunmalıdır. Fransa uzun müddətdir Avropa Birliyində Rusiyanın müttəfiqi qismində çıxış edir. Sovet dönəmində, xüsusən də Şarl de Qollun dövründə də bu beləydi. Başqa sözlə, Fransa Avropa Birliyində Rusiya ilə əməkdaşlığa üstünlük verən əsas dövlətlərdən biri və birincisidir.
O da məlumdur ki, Fransanın Ermənistanla münasibətləri də həmişə xüsusi xarakteri ilə fərqlənib. Fransa-Ermənistan münasibətləri “bacı dövlətlər” anlamında xarakterizə edilir. Aydın məsələdir ki, Fransa Ermənistan və Azərbaycan arasındakı məlum problemin tənzilmlənməsində ATƏT-in Minsk Qrupunun həmsdər dövlətlərindən biri kimi çıxış edir. İndi isə Fransanın Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlardan o qədər də məmnun olmadığını görürük. Bunu Rusiya tərəfi də bilməmiş deyil. Əslində Rusiya ABŞ və Fransanın iştirakı olmadan bu problemin birtərəfli həllinə girişdi və müəyyən mənada buna nail oldu. Qeyd etmək lazımdır ki, ötən il noyabrın 10-da Azərbaycan və Ermənistan arasında razılaşmanın əldə olunmasında Rusiyanın özünəməxsus rolu olub. Rusiya bu anlaşma ilə Cənubi Qafqazda sabitliyin təmin olunması ilə yanaşı, daha çox özünün geosiyasi maraqlarının təmin edilməsinə çalışır.
Rusiyanın bu demarşı ABŞ-la yanaşı, Fransanı da oyundan kənar vəziyyətdə qoyub. Fransa bundan məmnun deyil. Artıq münaqişənin həllində tərəf kimi çıxış edən dövlətlər Rusiya və müəyyən mənada Türkiyədir. Azərbaycan dövləti də, israrla Türkiyənin vasitəçi kimi iştirakının təmin edilməsi üçün öz imkanlarını ortaya qoyur. Əlbəttə, Ermənistan Türkiyənin buradakı iştirakını istəmir və bunun qarşısını almaq üçün əlindən gələni edir. Yeri gəlmişkən, Fransanın özü də Türkiyənin bu prosesdəki iştirakından narazıdır. Bu prosesə qədər də, Fransa-Türkiyə münasibətlərində gərginlik vardı. Bildiyiniz kimi, Fransa Türkiyənin Aralıq dənizinin şərqindəki və Liviyadakı fəaliyyətlərini qəbul etmir. Hər ikisi NATO üzvü olmasına baxmayaraq, Fransa və Türkiyə arasındakı münasibətlər dövlət başçıları səviyyəsində belə gərgindir. Bu mənada, Rusiyanın bu məsələdə də Fransa ilə mövqeləri üst-üstə düşür.
Rusiyadakı müəyyən imperialist dairələr Türkiyənin Cənubi Qafqazdakı prosesdə iştirakından öz narazılıqlarını gizlətmirlər. Bu baxımdan, Fransa-Rusiya tandeminin Türkiyənin prosesdəki iştirakını, Cənubi Qafqazda hərbi, siyasi və iqtisadi anlamda möhkəmlənməsinin qarşısını almaq düşünülmüş bir layihəsi də ola bilər. Başqa sözlə, Putinin görüş ərəfəsində məsələni Makronla müzakirə etməsi Fransa tərəfinin könlünü almaq, digər yandan, Fransa-Türkiyə münasibətlərindəki gərginliyi nəzərə alaraq, Ankaranın Cənubi Qafqazdakı məlum proseslərə müdaxiləsinin qarşısını almaq və ya bunu minimuma endirmək istəyindən irəli gələ bilər.
- Bəs Türkiyə Rusiya və Fransanın bu siyasi müqaviməti qarşısından geri çəkiləcək, ya mövqelərini daha da gücləndirməklə cavab verəcək?
- Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan kifayət qədər xarizmatik keyfiyyətlərə malik olan bir liderdir. Rusiya Prezidenti Putin də ötən ilin sonunda keçirdiyi ənənəvi mətbuat konfransında da bildirdi ki, Ərdoğan kişi kimi sözünün üstündə duran, Türkiyənin maraqlarını ardıcıl və düşünülmüş şəkildə qoruya bilən, yeri gələndə güzəştlərə getməyi bacaran adamdır. Bu mənada, düşünürəm ki, Ərdoğan Türkiyənin Azərbaycan və ya Cənubi Qafqazdakı maraqlarını qorumaq üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək. Türkiyə region dövləti olmaqdan daha çox, ziyalı bir dövlət təsiri bağışlayır. Türkiyə dünyanın hərbi və iqtisadi baxımdan nüfuzu olan dövlətlərindən biridir. Türkiyə Ümumi Daxili Məhslunun (ÜDM) həcmi 778-780 milyard dollara çatan bir dövlətdir. Türkiyə NATO-da hərbi xərclərinə görə ABŞ-dan sonra ikinci yerdə dayanır. Türkiyə Silahlı Qüvvələri öz sözünü demiş bir gücdür.
Türkiyənin Suriya və Liviyada apardığı əməliyyatlar hər kəsə məlumdur. Türk ordusunun ölkənin təhlükəsizliyi üçün Suriyada apardığı antiterror əməliyyatları ilə bölgədə kürd dövlətinin yaranmasının qarşısını aldı. Eyni zamanda, biz Ərdoğanın Balkanlar, Şimali Afrika və Kiprdə də uğurlu siyasət həyata keçirdiyini görürük. Habelə Ərdoğanın yürütdüyü siyasətlə Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada da, nüfuzunun və mövqeyinin gücləndiyini görürük.
Başqa sözlə, əgər Fransanın Türkiyə ilə gərgin münasibətlərində qarşıdurma ehtimalları olsa da, Rusiya Cənubi Qafqazda Türkiyə ilə qarşıdurmaya getmək fikrində deyil. Türkiyənin NATO üzvü olan ayrı-ayrı dövlətlərlə münasibətlərindəki gərginliklər Rusiyanın maraqlarına cavab verdiyindən, Moskva çalışacaq ki, alyansla Ankara arasında olan münasibətlərdəki bu çat daha da dərinləşsin. Əlbəttə, bu amilləri cənab Ərdoğan da görür.
- Liderlərin Moskva görüşündə hansı anlaşma əldə edilə bilər, bununla bağlı gözləntiniz nədir?
- Azərbaycan ictimaiyyətinin bu görüşdən gözləntisi böyükdür. Məlumdur ki, noyabrın 10-da əldə edilmiş anlaşmanın şərtləri tam mənada Ermənistan tərəfindən həyata keçirilmir. Əlbəttə, Ermənistan tərəfinin bu pozucu fəaliyyətləri Azərbaycan tərəfindən qəbul edilə bilməz. Çünki anlaşmanın əldə edilməsinə baxmayaraq, indiyədək Ermənistan ordusunun Dağlıq Qarabağın bir hissəsindəki tör-töküntüləri bölgədən çıxarılmayıb. Həmin ünsürlər Azərbaycanın ərazi bütövlüyünü təhdid edirlər, Azərbaycan ordusu üçün müəyyən təhlükə mənbəyidirlər, açıq desək, terrorizmə rəvac verirlər. Yəni Ermənistanın üçtərəfli anlaşmaya riayət etmədiyi göz qabağındadır.
Eyni zamanda, Laçın dəhlizi ilə bağlı mövcud durum Azərbaycan dövlətini razı sala bilməz. Dəhliz hazırda Rusiya sülhməramlılarının nəzarətindədir. Bu günlərdə Azərbaycan prezidentinin özü də yüksək səviyyədə bəyan etdi ki, Rusiya sülhməramlılarının mövqeyi heç də bütün hallarda sülhməramlıların beynəlxalq hüquqla müəyyən edilmiş statusuna uyğun deyil. Təəssüf olsun ki, Rusiyanın siyasi elitasının, konkret olaraq Putinin bəyanatlarından və çağırışlarından fərqli olaraq, sülhməramlılar mövqe nümayiş etdirirlər. Halbuki beynəlxalq hüquqa görə, sülhməramlılar ya sülhü qorumalı, onu təmin etməli, ya da sülhə məcbur etməlidirlər. Amma biz Rusiya sülhməramlılarının timsalında bunları görmürük, əksər hallarda Ermənistanın xeyrinə tərəf tutduğunu müşahidə edirik.
Təəssüf ki, Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizi vasitəsilə Dağlıq Qarabağa humanitar yardım adı altında mənşəyi bizə məlum olmayan silah-sursat daşınır. Bu, əldə edilmiş razılaşmaların ziddinə olan bir addımdır. Rusiya sülhməramlılarının separatçı rejimlə münasibətləri də xoşagələn deyil. Sülhməramlıların komandanının (general Rüstəm Muradov) separatçıların başçısı Araik Arutyunyanla səmimi görüşü, görüş masasına qondarma "bayrağın" qoyulması göstərir ki, sülhməramlılar beynəlxalq hüquqla onların üzərinə qoyulmuş missiyanın öhdəsindən gələ bilmir.
Azərbaycan prezidenti Moskva görüşü ərəfəsində bir daha vurğuladı ki, Dağlıq Qarabağın erməni icmasına əlahiddə statusun verilməsindən söhbət gedə bilməz. Əgər onlara bir status veriləcəksə, bu, Azərbaycan daxilində muxtariyyət statusu ola bilər. Eyni zamanda, gözləntimiz budur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan iddialarından açıq şəkildə imtina etməlidir. Çünki Ermənistan bu anlaşmaya imza atıbsa, bununla münaqişədə tərəf olduğunu qəbul edir. Buna görə də, Ermənistan Azərbaycana olan torpaq iddialarından imtina etməli, bundan sonra Azərbaycanla sülh və təhlükəsizlik içində yaşayacağına dair üzərinə öhdəlik götürməli və bu istiqamətdə konkret addımlar atmalıdır. Ermənistan bu öhdəlikləri yerinə yetirərsə, iki ölkə arasında nəqliyyat xətlərinin açılması, iqtisadi-ticarət əlaqələrinin bərpası və genişləndirilməsi, o cümlədən Ermənistanın bölgədəki geosiyasi və geoiqtisadi layihələrdə iştirakına yerin ayrılması məsələlərinə baxıla bilər.
Ümid edək ki, Ermənistan rəhbərliyi və ölkədəki bütün siyasi qüvvələr Ermənistanın gələcək inkişafını nəzərə alaraq, bu yöndə müvafiq qərarlar qəbul edəcəklər. Amma düşünürəm ki, Ermənistan tərəfi yenə də Moskvada əldə ediləcək anlaşmaları yerinə yetirməməyə çalışacaq. Çünki Paşinyan hazırda Ermənistan müxalifətinin ciddi təzyiqi və demarşı altındadır. İstisna etmirəm ki, Paşinyan Moskvadan qayıtdıqdan sonra bu addımları atsa, Qərbə qaçmalı olacaq.
Azerbaycanrealligi.com