76 il öncə bu gün azərbaycanlıların Ermənistandan məcburi deportasiyası haqqında fərman verilib... - FOTO

23, 12, 23
15:30

76 il öncə bu gün azərbaycanlıların Ermənistandan məcburi deportasiyası haqqında fərman verilib... - FOTO

1948-53-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyası haqqında fərman verilməsindən 76 il ötür.

"Azərbaycan Reallığı" xatırladır ki, SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq, 1947-50-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanılıb.


Bu plana əsasən, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlının köçürülməsi nəzərdə tutulurdu. Beləliklə, 100 min azərbaycanlı Ermənistandan köçürülməli idi.


Deportasiya azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından məcburi köçürülməsi və etnik təmizlənməsi olaraq qiymətləndirilir.

Həmin sənədə əsasən, deportasiya üçün lazımi vəsaitin və maddi-texniki yardımın ayrılması nəzərdə tutulsa da, bu, həyata keçirilməyib. Deportasiyaya məruz qalanların əksəriyyəti bundan şikayətçi olublar. Həmçinin, deportasiya edilənlərin, heç olmasa, öz yaşadıqları yerin iqliminə bənzər regiona köçürülmə istəkləri də rədd edilib. Sənəd üzərində prosesin könüllülük əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, bu, gücdən istifadə edilməklə, zorakılıqla həyata keçirilib. Çünki deportasiya edilənlərin əksəriyyəti köçmək fikrində olmayıb.


Deportasiyaya məruz qalanların yekun olaraq dəqiq sayı bəlli deyil, ümumilikdə 50 mindən çox azərbaycanlının bundan əziyyət çəkdiyini güman edilir. Deportasiya Sovet İttifaqının mütləq rəhbəri olan İosif Stalinin ölümündən sonra yavaşlayıb, 1956-cı ildə isə tamamilə dayandırılıb.
Təəssüf ki, yalnız 1988-ci ilə - növbəti deportasiya prosesinə qədər...


Bizimlə əlaqə saxlayın