Ramiz Mehdiyevlə Elton Məmmədovu toqquşduran ŞOK SƏBƏB: Keçmiş deputat AMEA prezidentini necə ifşa edib?

07, 07, 21
12:00

Ramiz Mehdiyevlə Elton Məmmədovu toqquşduran ŞOK SƏBƏB: Keçmiş deputat AMEA prezidentini necə ifşa edib?


Milli Məclisin keçmiş deputatı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədovun işdən çıxarılmasının gerçək səbəbi üzə çıxıb.

Azerbaycanrealligi.com xəbər verir ki, Demokratik.az saytının yayımladığı AMEA Rəyasət Heyətinin 13 aprel 2021-ci il tarixli iclasında qeydə alınmış səs yazısında Akademiyanın prezidenti Ramiz Mehdiyevin qanunsuz əməlləri ifşa olunur.

Prezident Administrasiyasının sabiq rəhbəri, vəzifədən azad olunduqdan sonra AMEA-nın prezidenti postuna təyin edilən Ramiz Mehdiyevin adı ətrafında qalmaqallar səngimək bilmir.

Yeni vəzifəyə təyinat alan akademikin ilk işi AMEA-da da öz çevrəsini formalaşdırmaq, tanıyıb güvəndiyi adamları yanına çəkmək oldu. Onların sırasında xüsusi seçilən keçmiş deputat, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov 2020-ci il yanvarın 16-da AMEA İşlər İdarəsinin müdiri, 2021-ci ilin yanvarında isə AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.

Lakin Ramiz Mehdiyevlə Elton Məmmədovun birgəliyi heç ilyarım da sürmədi. Elton Məmmədov bu il aprelin 12-də AMEA prezidentinin sərəncamı ilə işdən uzaqlaşdırılıb. Bu hadisədən bir neçə həftə sonra baş verənlər isə Mehdiyev-Məmmədov ittifaqının hansı səbəbdən dağılmasına işıq saldı.

Konkret desək, AMEA Rəyasət Heyətinin 13 aprel tarixli iclasından səs yazısı mətbuata sızıb. Həmin səs yazısında Ramiz Mehdiyev ünvanına tərif yağdırdığı Elton Məmmədovun işdən çıxarıldığını elan edir və bunun üçün qanunun tələblərinnin yerinə yetirilməsini tapşırır. AMEA prezidenti çıxışında onu da qeyd edir ki, Məmmədov vəzifədən azad olunsa da, bu, onun bilik bacarıqlarından imtina kimi başa düşülməməlidir.

Həmin iclasda çıxış edən Elton Məmmədov isə Ramiz Mehdiyevin bu “reverans”ına baxmayaraq, AMEA rəhbərliyinin ünvanına sərt fikirlər səsləndirir. Onun çıxışında yer alan məqamlardan biri bundan ibarətdir ki, Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri olaraq üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu bildirir.

Burada söhbət nədən gedir?

Qoyulan sualın cavabı Demokratik.az-da 2021-ci il iyunun 10-da yayımlanan “AMEA ilə “Şərq-Qərb” Nəşriyyatı arasında “yoxa çıxan” milyonların izi ilə – SƏNƏDLƏR DANIŞIR” başlıqlı maetiralda təqdim olunan sənədlərdə mövcuddur.

O sənədlərə əsasən, Hesablama Palatasının təkcə 2018-2019-cu illər üzrə “AMEA-nın İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirinin nəticələri haqqında” 25 fevral 2020-ci il tarixli Q-24 saylı sərt qərarı Akademiyada çap işləri adı altında milyonlarla manat məbləğində dövlət vəsaitinin mənimsənildiyi əks olunub.

Haqqında danışılan sənəddən aydın olur ki, AMEA-nın müxtəlif çap işlərinin görülməsi üçün “Şərq-Qərb” ASC-yə milyonlarla vəsait ödənsə də, sonuncu tərəf uzun müddət keçməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirməyib və ümumilikdə 10,4 milyon manatı “yox” edib. İş üzrə Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq cinayət işinin açıldığı, istintaq getdiyi bildirilir.

Yazıdakı maraqlı məqamlardan biri də budur ki, adıçəkilən “Şərq-Qərb” ASC-nin Ramiz Mehdiyevin oğlu, hazırda fövqəladə hallar nazirinin müavini olan general-mayor Teymur Mehdiyevə məxsus olduğu göstərilib. Qeyd olunur ki, Ramiz Mehdiyev hələ Prezident Administrasiyasının rəhbəri olduğu dönəmdə irihəcmli çap işləri üzrə sifarişlərin məhz “Şərq-Qərb” ASC-yə verilməsi üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Yaxşı, burada Elton Məmmədova aid nə var?

Məsələ ondadır ki, Elton Məmmədov AMEA İşlər İdarəsinin müdiri olaraq, üzə çıxarılmış o faktları araşdırmaqla Ramiz Mehdiyevi qəzəbləndirib. Bu səbəbdən araları açılan keçmiş dostlar az qala düşmənə çevriliblər. Bu gedişat isə Məmmədovun AMEA-dan uzaqlaşdırılması ilə nəticələnib.

Yeri gəlmişkən, Məmmədov öz açıqlamasında işdən “çıxarılmadığını”, özünün istefa verdiyini deyib. Onun sözlərinə görə, Mehdiyev bu məsələdə də saxtakarlığa yol verərək, AMEA Rəyasət Heyətinin 13 aprel iclasından 1 gün əvvəlki tarixlə onun işdən çıxarılması haqqında sərəncam imzalayıb.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın