Qiymətləri artırıldı - Valideynlər çıxılmaz durumda

23, 01, 24
17:00

Qiymətləri artırıldı - Valideynlər çıxılmaz durumda

Bir müddətdir ki, fərdi repetitorluq faəliyyətilə məşğul olan müəllimlər qiymətləri artırıblar. Abituriyentlərin sözlərinə görə, əvvəlki dövrlə müqayisədə bu xidmət 30 faiz bahalaşıb. Tədris ilinin ortasında bu cür qiymət artımı valideynlərin ciddi etirazına səbəb olub. 

Mövzu ilə bağlı "Azərbaycan Reallığı"na danışan təhsil eksperti Elçin Əfəndi artımın səbəbini bu sahəyə nəzarətsizliklə əlaqələndirib:


“Repetitorların tədris qiymətlərini artırması bu sahəyə nəzarətin olmamasından irəli gəlir. Bu özbaşınalıqdır. Ona görə də repetitor müəllimlər istədikləri qiyməti təyin edə bilirlər. Təəssüf ki, təhsili bazara çevirmişik və təhsilimiz artıq bazar xarakteri daşıyır. Amma biz baxsaq qiymətdə artım edən repetitorlar hansısa fərqli bir şey öyrətmir. Onlar da sadəcə təyin olunan proqramla dərs keçir. Pandemiya dövründə hazırlıq kurslarının fəaliyyətinin dayandırılması repetitorların bazarını qızışdırdı. Nəticə etibarı ilə bu gün hətta ibtidai siniflər üçün belə hazırlıq qrupları təşkil edərək, yüksək qiymətə dərslər keçilir. Bildiyiniz kimi, hazırkı vəziyyətdə biz tədris ilinin hələ ortasındayıq və belə bir qiymət artımı yolverilməzdir. Çünki valideyn ilin əvvəli başqa qiymət, ilin ortasında isə başqa qiymət ödəyirsə, bu nəzarət olmamasından irəli gəlir”. 


Ekspert valideynlərə daha çox hazırlıq kurslarına müraciət etməyi tövsiyə edib. 


“Valideynlərə tövsiyə edirəm ki, fərdi repetitorlara yüksək məbləğdə ödəniş etməkdənsə, hazırlıq kurslarına müraciət etmək daha sərfəlidir. Əlavə olaraq hazırlıq kurslarında keçirilən dərslər daha effektiv və üstündür. Üstəlik, burada valideynlərə aylıq müntəzəm hesabatlar təqdim olunur, sınaq imtahanları keçirilir. Repetitorların əksəriyyəti isə bunu etmirlər. Buna görə də valideynlər uşaqlarını repetitorun yanından çıxarır. Bu isə onlara sərf etmir”. 

Bizimlə əlaqə saxlayın